Vaxt.Az

İranda yoxsulluq artıb


 

«Subsidiyalar əhalini tənbəlliyə və işsizliyə öyrəşdirib»

İranda yoxsulluq artıb İranda əhaliyə nağd subsidiyaların paylanmasından sonra əhalinin alıcılıq qabiliyyəti daha da azalıb və yoxsulluq həddindən aşağı olan insanların sayı artıb. Bu barədə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilən hesabatda bildirilir.


Hesabatda qeyd olunur ki, ölkə sənayesi faktiki olaraq müflis olub.

Hesabatda «Məqsədyönlü subsidiyaların icrası» layihəsinin birinci fazasının nəticələri araşdırılıb və bu qənaətə gəlinib ki, İran əhalisi nağd subsidiyaları aldıqdan sonra daha da yoxsullaşıb və ölkə sənayesi müflisləşib: «Məqsədyönlü subsidiyaların icrası layihəsi Mərkəzi Bankdan alınan borcların artmasına, istehsal müəssisələrinin müflisləşməsinə, bəzilərinin tənbəlliyə və işsizliyə öyrəşməsinə səbəb olub və ölkə üçün başqa heç bir faydası olmayıb».

Qeyd edilir ki, nağd subsidiyaların verilməsindən sonra əhalinin alıcılıq qabiliyyəti 1,5 faiz azalıb.

Hesabatda həmçinin bildirilir ki, nağd subsidiyaların verilməsindən öncə əhalinin 25 faizi yoxsulluq həddindən aşağı yaşayırdısa, bu rəqəm subsidiyaların verilməsindən sonra 31 faizə çatıb.

Xatırladaq ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejadın dövründə ölkədə iqtisadi islahatlar aparıldı və subsidiyaların vətəndaşlara nağd şəkildə ödənilməsi layihəsi icra edildi. Həmin dövrdə bir çox iqtisadi ekspertlər subsidiyaların əhaliyə nağd ödənilməsi sisteminin elmi əsaslarının olmadığını bildirmişdi.

M.Əhmədinejad hökuməti təbliğat aparmaqla nağd subsidiya almaq üçün qeydiyyata alınanların sayını azaltmaq istəyirdi. Lakin qeydiyyat başa çatdıqdan sonra məlum oldu ki, yalnız İran əhalisinin 9 faizi nağd subsidiyaları almaq üçün qeydiyyatdan keçməyib.

 





05.07.2014    çap et  çap et