Vaxt.Az

Badə, nəbadə...


 

Spirtli içkilərin səbəb olduğu xəstəlik və qəzalar hər il 2,5 milyon insan həyatına son qoyur

Badə, nəbadə... Yay aylarında istirahət edənlərin sayının artması elə zərərli vərdişlərə də meylin çoxalmasına da səbəb olur. Belə ki, istirahətə gedən insanların əksəriyyəti içki və siqaretə daha çox meyl edir, qidalanmada normadan artıq yüklənir və passiv həyat tərzi keçirir. Bu cür həyat tərzi orqanizmə ziyan vurmaqla yanaşı insanı sonrakı yaşamında da zərərli vərdişlərə meylli edir.


İçkilərin müxtəlifliyi istirahət edən insanların da diqqətini çəkir. Zərərli istirahət isə sağlamlıqdan çox, xəstəlik gətirir desək, daha doğru olar. Nəzərə alsaq ki, hazırda yayın ən isti günləridir, belə günlərdə spirtli içki qəbulu həkimlər tərəfindən məsləhət görünmür. Günəşin təsiri ilə daha da süstləşən bədən içkinin təsirinə dözə bilmir və normalda az təsir edən hər hansı bir içkinin gücü ikiqat qalxmış olur. Belə halda hətta zəhərlənmənin göstərişləri də ortaya çıxa bilir.

İstirahət müddətində içki qəbul ediləcəksə, mütləq soyuq halda və sərin məkanda içilməlidir. Əks halda içki zövqdən çox, əzab vermiş olar. Spirt qəbulu yay aylarında, xüsusilə axşam süfrələrində digər mövsümlərə nisbətən artır. Bu səhv hələ bir də gündüz saatlarına daşınarsa, daha pis nəticə verə bilir. Yay axşamları yemək yüngül, spirt qəbulunu da nəzarətdə tutmaqda fayda var. Bu diqqət həm bədən çəkisini idarə etmək, həm qaraciyəri qorumaq üçün çox əhəmiyyətlidir.

Toksikoloq Azadə Rəhimovanın sözlərinə görə, spirtli içki təkbaşına olduqca zərərli bir mayedir və üstəlik, yay aylarında qəbul edilməsi bədənin daha da fərqli reaksiya verə bilmə ehtimalını artırır: «Müəyyən xəstəliklərin müalicəsi zamanı spirtdən istifadə edilir. Hətta bəzi xəstəliklər zamanı həkimlər xəstələrə az miqdarda spirtli içki qəbul etməyi tövsiyə edirlər. Amma spirtli içkilərin xeyri ilə müqayisədə zərəri daha çoxdur. Həddən artıq qəbul edildikdə spirtli içkilər insan səhhətində bir çox problemlərə yol açır».

Ümumdünya Səhiyyə Təşkilatının klassifikasiyasına görə, alkoqol 1-ci qrup kanserogenlər, yəni ən təhlükəli xərçəng törədiciləri sırasına daxildir. Onun hətta cüzi miqdarı hüceyrələri zədələyərək, xərçəng törəmələrinin yaranmasına gətirib çıxara bilər. Yayda spirtli içki qəbuluna gəlincə, müsahibimiz bildirir ki, əvvəla, spirtli içki hər fəsildə ziyandır. «İkincisi, qəbul edilən sərinləşdirici məqsədlə alınan içkilər bədəni bir müddətlik rahat saxlasa da, sonradan süstlük, baş ağrısı, ürək bulanması və tərləmə kimi fəsadlar ortaya çıxa bilir. Spirtli içkilərin bədəndə ən tez təsir etdiyi yer beyindir. Spirt ilk olaraq beyinin fəaliyyətini sürətləndirsə də, bu sürət getdikcə azalaraq mənfi təsirə keçir. Hərəkət funksiyalarının yerinə yetirildiyi beyin hissələrinə təsiri nəticəsində bacarıq, refleks və hərəkət gücü pozulur. Spirt ağciyərlərə də mənfi təsir edərək onun oksigenlə daimi təminatını pozur. Spirtin qaraciyər üzərində mənfi təsiri isə qaraciyərin yağlanması, iltihab baş vermə riski və sonda serozun baş verməsidir. Spirtli içkiyə vərdiş edən insanlarda ürək döyüntüləri yüksək templidir. Bu yüksək temp ürək təzyiqinin yüksəlməsinə səbəb olur».

Azərbaycanda həm spirtli içkilərdən, həm də siqaretdən istifadə edənlərin sayının çox olduğunu nəzərə alsaq, gələcəkdə hansı problemlərin yarana biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Ona görə də Səhiyyə Nazirliyinin rəsmiləri spirtli içkilərin və siqaretin insan orqanizminə ziyanı barədə televiziya vasitələrində müntəzəm olaraq maarifləndirici verilişlərin efirə getməsində maraqlı olmalıdırlar. Amma bundan da öncə hər bir insan özünün sağlamlığı təmin etmək və həyat müddətini qısaltmamaq üçün spirtli içkilərdən və siqaretdən uzaq durmalıdır. Azərbaycanda isə vəziyyət başqadır. Xüsusən yeniyetmələr içkiyə daha həvəsli və meylli olurlar. İsti havalarda ən tez təsirlənən isə elə gənclər olur. Dəniz və hovuz mövsümündə içkili olaraq dincəlmək əlbəttə ki, böyük təhlükədir. Çünki az miqdarda qəbul edilən spirtli içki belə əks təsir verərək insana daha ağır təsir edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, spirtli içkilərin səbəb olduğu xəstəlik və qəzalar hər il 2,5 milyon insan həyatına son qoyur. Bu, dünyadakı ölümlərin 3,8 faizinə bərabərdir. Yay mövsümündə dəniz və hovuzda boğulanların böyük bir qisminin uşaq olduğunu nəzərə alsaq, ya valideynlərin, ya da uşaqların içkili olma ehtimalı da gözardı edilməməlidir. Ən yaxşı halda isti havalarda ard-arda spirtli içkilər qəbul etməmək, əvəzində isə soyuq meyvələr qəbul etmək daha faydalıdır.

 





05.07.2014    çap et  çap et