«90 HZ 057 dövlət nömrə nişanlı «Mercedes» markalı avtomobilinin radara düşüb-düşmədiyini haradan öyrənə bilərəm? Bu haqda məlumat olur haradasa? Yaxud hansısa sayta daxil olub məlumat öyrənmək mümkündürmü? Xahiş edirəm, bununla bağlı mənə köməklik edəsiniz».
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirdi ki, radara düşən avtomobil avtomatik rejimdə işləyən cihaz vasitəsilə qeydə alınırsa, bununla bağlı elektron protokol tərtib olunur və həmin sürücünün ünvanına göndərilir. Bundan başqa, vətəndaşa telefon və digər əlaqə vasitələri ilə məlumatlar verilə bilər.
Şöbə rəisi qeyd etdi ki, sürücü barəsində rəsmi qaydada qərar çıxandan sonra bu, Daxili İşlər Nazirliyinin www.din.gov.az saytında görünür və vətəndaş bunu görə bilər. Elektron protokol yazılandan sonra vətəndaşın ünvanına göndərilir. İki gün ərzində bu mümkün olmayanda avtomobilin saxlanılması barədə qərar verilir. Avtomobil harada saxlanılarsa, sənəd həmin sürücüyə təqdim olunur. Bundan sonra bu qərar rəsmi verilmiş hesab olunur və sayta oturur.
DYP rəsmisinin sözlərinə görə, qərarın qanuni qüvvəyə minməsi üçün 10 gün vaxt verilir. Sürücünün 10 gün ərzində həmin qərardan apellyasiya şikayəti etmək hüququ var. Əgər sürücü şikayət vermədisə, qərar qüvvəyə minir və onun bir ay ərzində cəriməni ödəmək imkanı var.