Vaxt.Az
DİP qurultay keçirdi
Partiya sədri vəzifəsində qaldı
İyunun 15-də Demokratik İslahatlar Partiyasının IV qurultayı keçirilib. Qurultayda partiyanın 55 rayon şöbəsindən 132 nəfər nümayəndə iştirak edib. Partiya sədri Asim Mollazadə partiyanın qurultaylararası dövrdə fəaliyyəti ilə bağlı hesabat verib. O, ölkədəki ictimai-siyasi duruma, təhsil, səhiyyə, mədəniyyət, gənclər və qadınlarla bağlı problemlərə, Ermənistan-Azərbaycan münaqişəsinin hazırkı vəziyyətinə, Azərbaycanın xarici siyasətinin prioritetlərinə toxunub. DİP-in ötən dövr ərzində ölkənin həyatında vacib rol oynayan layihələri, keçirdiyi tədbirlər barədə məlumat verib. A.Mollazadə həmçinin partiyanın qanunvericilik sahəsindəki təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.Mərkəzi Təftiş Komissiyasının (MTK) sədri İlkin Həsənov da öz hesabatında partiyanın ötən dövr ərzində nizamnamənin tələblərinə uyğun fəaliyyət göstərdiyini, heç bir ciddi nöqsana yer vermədiyini ifadə edib. Partiya nizamnaməsinin tələbinə uyğun olaraq, qurultay partiya sədrini, Siyasi Şura və MTK-nın üzvlərini yenidən seçib. Nazim Abdullayev partiya sədrliyinə Asim Mollazadənin namizədliyini irəli sürüb. Asim Mollazadə əksəriyyətin səsini qazanaraq yenidən partiyanın sədri seçilib. Asim Mollazadə, İnqilab Əhmədov, Nazim Abdullayev, Eduard Çernin, Fatimət Ağamirzəyeva, Gülnarə Məmmədzadə, Mərdan Əfəndiyev, Ülkər Abdullayeva, Ramin Hacılı, İlkin Həsənov, Cəmilə İbrahimova Siyasi Şuranın, Ramiz Əliyev, Çingiz Abdullayev, Roman Temnikov isə MTK-nın üzvü seçiliblər. Cari məsələlərin müzakirəsi zamanı qarşıdan gələn Azərbaycan Respublikası prezidentinin seçkisinə də toxunulub. Qurultay partiyanın seçkidə iştirakını vacib hesab edib və prezident seçkilərində iştirak formasının müəyyənləşməsinə dair qərar çıxarmaq səlahiyyətini Siyasi Şuraya həvalə edib.
15.06.2013 çap et