Vaxt.Az

«Ərəb baharı»na qarşı «ASAN xidmət»...


 

Deputatlar hökumətin 2011-ci ildən baş qaldıran sosial partlayışları qabaqlamaq üçün başladığı bu layihədən danışdılar; siyasi şərhçi iqtidar daxilində Rusiyaya bağlı şəbəkənin bu xidmətə müqavimət göstərdiyini deyir...

«Ərəb baharı»na qarşı «ASAN xidmət»... Azərbaycan hökuməti sosial partlayışları, xalq etirazlarını qabaqlamaq üçün inqilabi bir proyekt həyata keçirdi. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin filialları fəaliyyətə başladı. Lakonik adı «ASAN xidmət» olan bu layihə iqtidarın «ərəb baharı»ndan qorunması ilə yanaşı sosial narazılıqların qismən azalmasına yardım etdi.


İnsafən, indi şəxsiyyət vəsiqəsi, nikah şəhadətnaməsi, müxtəlif dövlət orqanlarından zəruri sənədləri «ASAN xidmət»dən çox asanlıqla əldə etmək olar. Həm operativ, həm də qeyri-rəsmi rüsum tələb edilmədən lazımi sənədləri almaq mümkündür. Dövlət başçısının Avropa Şurasının Nazirlər Komitəsində çıxışı zamanı da xüsusi vurğu ilə qabartdığı məsələ «ASAN xidmət» idi. Ölkə başçısı bunu reformist addım kimi qiymətləndirdi. Həqiqətən, dövlət qurumlarında süründürməçilik, rüşvət, saatlarla növbəyə durmaq və nəhayət 10 günlük sənədi 3 aya əldə etmək etirazları gücləndirirdi.

2011-ci ildə bölgələrdə etiraz aksiyalarının bir-birilə əvəzləməsi də məhz özbaşınalıqlardan bezən xalqın üsyanı idi. Məsələn, həmin dövrdə «ərəb baharı»ının rüzgarından qorxan hakimiyyət rüşvət yığılmasına «məzuniyyət» verdi, məhkəmələr sadə vətəndaşların xeyrinə qətnamələr çıxardı, nazirlər bir-bir bölgələrə vətəndaşların qəbuluna göndərildi, icra başçıları camaatın ayağına getməyə başladılar. Bundan sonra «ASAN xidmət» layihəsinin reallaşdırılmasına start verildi.

Bəs olmazdı ki, «ASAN xidmət» icra hakimiyyətlərinin, komitələrin, nazirliklərin qəbul otaqlarında, sənədləşmə şöbələrində yaradılsın? Yaxud bütün dövlət qurumlarının sənədləşmə səlahiyyəti «ASAN xidmət»in ixtiyarına verilsin? Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov bu layihə haqda danışarkən qeyd etdi ki, səlahiyyətləri dövlət qurumlarına verməkdənsə, əksinə, «ASAN xidmət»in imkanlarını  genişləndirmək lazımdır.

Deputatın sözlərinə görə, gələcəkdə digər dövlət orqanlarının da sənədləşmə işlərinin bu xidmətə verilməsi nəzərdə tutulub. V.Əhmədovun fikrincə, icra hakimiyyətlərinin, gömrük komitəsinin və digər qurumların sənəd işləri ilə bağlı səlahiyyətinin ASAN-a verilməsi daha yaxşı olardı: «Mən deyərdim ki, «ASAN xidmət»lə böyük işlər görüldü. Rüşvətsiz, vətəndaşla məmur arasında təmas olmadan sənəd almaq mümkündür. Bu, aşağı təbəqə üçün çox gözəl oldu. Onun fəaliyyəti genişləndirilməlidir. Bu layihə Azərbaycanda özünü doğrultdu. Hətta Avropada belə bir layihə yoxdur. Əsas məsələ odur ki, korrupsiya halları olan, məmurlarla vətəndaş arasında problem yaranan qurumların yavaş-yavaş sənədlə bağlı səlahiyyətləri «ASAN xidmət»ə verilməlidir».

Deputat bu proyektin regionlarda inkişafını vacib sayır: «Bu layihə prezidentindir. Çox gözəl ideyadır. Hesab edirəm ki, rayonlarda «ASAN xidmət»in inkişaf mütləq lazımdır. İnsanların asan şəkildə, rüşvət verməyib, qapıda gözlətməyib sənədini almasına şərait yaradılıb».

Parlamentin İqtisadi siyasət komitəsinin digər üzvü, deputat Əli Məsimli isə vurğuladı ki, korrupsiyaya qarşı ən effektiv mübarizə mexanizmi «ASAN xidmət»dir. Deputatın sözlərinə görə, «ASAN xidmət»ə verilən səlahiyyətlərin nazirliklərin, komitələrin şöbələrində açılması heç nəyi dəyişməyəcəkdi: «Onda bunun nə əhəmiyyəti olacaqdı? «ASAN xidmət»in genişləndirilməsi, gömrük və digər problemli sahələr üzrə səlahiyyətlərin verilməsi lazımdır. Ancaq indiki model daha işləkdir. Eyni zamanda həm funksional, həm sahə üzrə fəaliyyətin genişlənməsi vacibdir. Yeganə razı qaldığım sahədir ki, işləkdir. Narazılıqları aradan qaldırır, vətəndaşlar rüşvətsiz iş görür».

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri hesab edir ki, qlobal səviyyədə dəyişikliklər baş verir, dünyada avtoritar siyasi rejimlər süquta uğrayır, onların yerində demokratik sistemlər inşa olunur. Siyasi şərhçinin sözlərinə görə, dünyada cərəyan edən proseslərin içərisində Azərbaycan da dəyişməlidir və hakimiyyət bunu dərk edir.

Politoloqun fikrincə, Qərb və ABŞ bu mənada Azərbaycan hökumətinə proqramlar təklif edir: «Bu proqramlardan biri də «ASAN xidmət»dir. Həqiqətən bu layihə hesabına vətəndaşlar rahatlıqla sənədlərini ala bilirlər. Korrupsiya elementləri aradan qalxıb, rüşvətin miqyası azalıb. Ancaq ASAN-a verilən səlahiyyətlər məhduddur və gələcəkdə genişləndirilməlidir. Görünən budur ki, hakimiyyət tələsmir».

N.Miri bunu iqtidarın daxilində ruspərəst bir şəbəkənin mövcudluğu ilə əlaqələndirir: «Hakimiyyətdə güclü bir Rusiyaya bağlı şəbəkə var. Bu şəbəkə ölkəni Rusiyanın orbitinə itələyir. Bu anlamda Azərbaycanın önünü kəsiblər, «ASAN xidmət»ə dövlətin digər strukturlarının səlahiyyətlərinin verilməsini ləngidirlər. Həmin şəbəkə buna imkan vermir Amma bu toxum cücərir, bu xidmətin regionlarda filialları açılır».

 





07.07.2014    çap et  çap et