Bundan əlavə, işğalçı ölkə Rusiyanın Azərbaycana müasir hərbi texnika satmaqda davam etməsini də heç cür həzm edə bilmir və rəsmi Moskvanın izahatlarını qaneedici saymır. Ermənistanda düşünməyə başlayıblar ki, Rusiya müttəfiqliyə sadiq deyil, çünki məntiqlə Ermənistanla müharibə vəziyyətində olan Azərbaycana silah-sursat satmamalıdır. Üstəlik, qonşu ölkədə tez-tez Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın digər üzv ölkələr qarşısında öhdəliklərini yada salırlar.
Moskvanın AB məsələsində açıq-aşkar Ermənistanla ikinci-üçüncü sort ölkə kimi davranması, Azərbaycana üstünlük verdiyini gizlətməməsi erməni yetkililərində ciddi məyusluq, narazılıq və narahatlıq doğurmaqdadır. Hətta erməni ekspert dairələrində Rusiyanın hansısa məqamda öz imperiya maraqları naminə öz forpostunu asanca satacağı barədə rəylər dolaşır. Paralel olaraq Rusiyanın Ermənistanın mövcudluğunun əsas qarantı olmasına şübhələr də qonşu ölkədə artmaqdadır.
***
«Rusiya qoşunları Ermənistanda Ermənistanı Türkiyə tərəfdən təcavüzdən qoruyur. Ancaq Dağlıq Qarabağ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına aid deyil, ona görə də Qarabağ Rusiya inteqrasiya layihələrinə daxil edilməyəcək. Odur ki, yeni Qarabağ qarşıdurması başlasa, KTMT çərçivəsində heç bir tərəfdaşlıq münasibətləri və öhdəliklər işləməyəcək». Bunu rusiyalı hərbi ekspert Pavel Felqenqauer Ermənistan KİV-ə müsahibəsində deyib.
Hərbi ekspertə görə, Rusiyanın Ermənistan qarşısında birbaşa öhdəliyi yoxdur: «Ermənistan Avrasiya inteqrasiya layihələrinə Qarabağsız qoşulacaq. Çünki Moskva Azərbaycanla münasibətlərini kəskin şəkildə pisləşdirmək istəmir. Əgər Qarabağda ciddi toqquşmalar başlasa, Kremldə düşünməyə başlayacaq, böhranın baş verməməsi üçün kömək etməyə çalışacaqlar, ancaq Rusiyanın avtomatik şəkildə erməni-Azərbaycan konfliktində və ya qarşılıqlı atışmasında iştirakını təsəvvürə gətirmək çətindir. Hərçənd, qəti qərar Moskvada veriləcək. Biz Azərbaycanla münasibətlərin pisləşməsini istəmirik. Ona görə də qərar verilib ki, Ermənistan Gömrük İttifaqına KTMT kimi Dağlıq Qarabağsız daxil olmalıdır. Prinsipial olaraq Rusiya Ermənistanı tərəfdaş kimi görür, ancaq Azərbaycan da mühüm tərəfdaşdır, hərgah son vaxtlar bizdə narazılıq var ki, Bakı Qərbə həddən artıq yaxınlaşıb. Lakin bu narazılıq o dərəcədə güclü deyil ki, münasibətləri kəsək və açıq qarşıdurmaya gedək. Moskva həm Bakı, həm də İrəvanla yaxşı münasibətlər saxlamağa çalışır. Ona görə ki, biz təkcə erməni-azərbaycanlı mübahisələri yox, həm də Rusiyanın Güney Qafqazda təsirini bərqərar eləmək maraqlandırır. Ermənistan bizə lazımdır. Amma Azərbaycan da lazımdır».
Mütəxəssisin qənaətincə, Qarabağda müharibə ümumiyyətlə, Rusiyanın maraqlarına cavab vermir: «Ələlxüsus da ona görə ki, Ukrayna böhranı səbəbindən Rusiyanın əlində Güney Qafqazda vəziyyətin gərginləməsi əleyhinə yönəldəcək yetərli sərbəst qüvvə və vasitə qalmayıb. Rusiyanın iki cəbhədə vuruşmaq üçün qüvvəsi yoxdur. Hazırda Moskva status-kvoya alternativ görmür. Bu birmənalıdır. Ukraynada situasiya düzəlməyənədək Moskvaya Cənubi Qafqazda hansısa kəskinləşmə, yeni gərginlik ocağı lazım deyil».
***
«Təsəvvürə gətirmək çətindir ki, Ermənistana hücum olarsa, KTMT Azərbaycana qarşı hərəkət keçəcək». Bu sözləri isə erməni portalına müsahibəsində başqa bir rusiyalı hərbi ekspert Aleksandr Qolts təşkilatın Ermənistan qarşısında öhdəliklərini şərh edərkən deyib.
Onun fikrincə, nizamnaməyə əsasən, formal olaraq o halda KTMT məsələyə reaksiya verməlidir: «Lakin hazırda Rusiya tərəfini başı Ukrayna hadisələrinə o qədər qarışıb ki, heç kim Azərbaycan-erməni sərhədindəki situasiyanı dəqiq bilmir. İkinci yandan, Ermənistan ona qarşı təcavüz olduğunu sənədli-faktlı sübut etməlidir».
Hərbi ekspertin əminliyinə görə, Qarabağ ixtilafı ciddi münaqişədir: «Belə ki, Ermənistan KTMT-nin üzvüdür və Avrasiya inteqrasiya layihələrinə qoşulmaq astanasındadır, başqa yandan isə Moskva Azərbaycanla əlaqələri korlamaq istəmir, hansı ölkə ilə ki, Rusiya müxtəlif sahələrdə möhkəm tellərlə bağlıdır... Odur ki, Rusiyanın əsas vəzifəsi Azərbaycanı hərbi əməliyyatlardan çəkindirməkdir».
***
Azərbaycanın Ukrayna olayları fonunda Rusiya üçün artan önəmini erməni təhlilçiləri də etiraf edirlər. Məsələn, politoloq Manvel Sərkisyanın zənnincə, belə davam eləsə, Ermənistan Avrasiya İttifaqına üzv olmayacaq: «Heç kim bizi ora götürməyəcək, əgər Azərbaycan orada olmasa». O, hətta əmindir ki, əksinə ola bilər: «Azərbaycan quruma üzv olacaq, Ermənistan isə yox. Rusiyadan ötrü Azərbaycanın quruma üzvlüyü daha vacibdir, nəinki Ermənistanın...»
Ekspertlərin fikir və rəylərindən bir daha qənaət hasil olur ki, Rusiya Qarabağ konfliktinə müstəsna olaraq Güney Qafqazda öz siyasi-hərbi dayaqlarını, təsirini gücləndirmək vasitəsi kimi baxır və bu vasitəni heç bir halda erməni və ya Azərbaycan maraqlarına qurban verməyəcək. Hətta Ermənistanla formal olaraq hərbi-siyasi müttəfiqlik münasibətləri də bu yolda ona maneə qismində görünmür.
Demək, Kremlin Qarabağ münaqişəsinin həllində maraqlı olması barədə Rusiya rəsmilərinin verdikləri bəyanat da boğazdan yuxarı deyilmiş sözlərdən başqa bir şey deyil. Rusiya postsovet ölkələrinin müstəqilliyi və suverenliyinin onda ötrü hansı dəyərdə olduğunu isə Krımın ilhaqı ilə o, bir daha, əyani nümayiş etdirib.