Vaxt.Az
Laçının işğalında Abbas Abbasov faktoru
Sabiq baş nazir və tabor komandiri ittihamı dolyasıyla təsdiqlədi
Baş nazirin sabiq müavini, “Milyarderlər İttifaqı”nın rəhbəri Abbas Abbasov həbs oluna bilər. “Azadlıq” qəzeti hakimiyyətdəki mənbəyə istinadən A.Abbasovun Laçının boşaldılmasına görə ittiham oluna biləcəyini yazır.Qəzet yazır ki, baş nazirin sabiq müavini məlum bəyanatı yaydıqdan sonra hakimiyyətin nəzarətindəki qəzetlərdə Abbas Abbasovun Laçını boşaltması barədə materiallar dərc edilib. Həmin yazılarda bildirilirdi ki, Laçın işğal olunmamışdan bir qədər əvvəl Abbas Abbasov rayonu boşaldıb. Sitat: “Yəqin ki, bir gün siz də cavab verməli olacaqsınız ki, sayı 100 min olan Laçın camaatını siz kimin tapşırığı ilə maşınlara doldurub köçürmüsünüz. Bəlkə ermənilərin istədiyi Laçın koridorunu açırdınız? Çoxları bilməsə də bilənlər bilir ki, Ayaz Mütəllibovun dönəmində Nazirlər Kabinetinin məxfi qərarı var idi. Və həmin qərarın icrası sizə tapşırılmışdı. Siz də Laçın camaatını ”panikaya" salıb rayonu boşaltdınız".
Qeyd edək ki, Abbas Abbasov 1992-ci ildən Azərbaycan Respublikası baş nazirinin müavini vəzifəsində çalışıb. Məlum olduğu kimi, Laçın rayonu 1992-ci il mayın 17-də işğal olunub. Ancaq A.Abbasovun bu günə qədər adı Laçın olaylarında hallanmayıb.
AXC hakimiyyəti dönəmində baş nazir vəzifəsində çalışmış Pənah Hüseyn bildirdi ki, Abbas Abbasovun adının Laçının boşaldılmasında hallanması haqda daha əvvəl eşitməyib. P.Hüseyn deyir ki, müharibə zamanı hökumət üzvləri, o cümlədən NK rəhbərləri bu və ya digər məsələ ilə bağlı döyüş bölgəsinə ezam olunurdu: “Laçının Abbas Abbasov tərəfindən boşaldılması ilə bağlı ilk dəfədir eşidirəm. O zaman belə bir məsələ, bir fikir olmayıb. O zaman bütün vəzifəli şəxslər, o cümlədən Nazirlər Kabinetinin rəhbərliyi bizə qədər və bizim vaxtımızda da bu və ya digər şəkildə cəbhə bölgəsi ilə bağlı məsələlərə təhkim olunurdular. Amma açığı, Abbas Abbasovun Laçının boşaldılmasında hansısa iştirakı ilə bağlı məlumatım yoxdur”.
Konkret olaraq laçın Rayonunun işğal olunduğu tarixi dövrə gəlincə, P.Hüseyn bildirdi ki, həmin vaxt AXC hökumət strukturları hələ qurulmamışdı, ancaq bununla belə mayın 18-də keçirilən hökumət toplantısında Abbas Abbasovun da iştirak etməsini xatırlayır: “Bir faktı da deyim ki, mayın 18-də Ayaz Mütəllibov hökumətinin üzvləri Bakıda idi və Nazirlər Kabinetində keçirilən toplantıda Abbas Abbasov da iştirak edirdi, yəni o zaman Laçında deyildi”.
Hazırda Azərbaycandan kənarda yaşayan keçmiş döyüşçü, Laçın alayının komandiri Arif Paşa Laçının boşaldılması ilə bağlı Nazirlər Kabinetinin qərarının olduğunu bildirdi. Ancaq o bu qərarın konkret A.Abbasova aid olub-olmadığını bilmədiyini qeyd etdi: “Nazirlər Kabinetinin Laçının boşaldılması ilə əlaqədar 12 may 1992-ci il tarixli 243 saylı qərarı o vaxtlar məhkəməyə təqdim olunub. Amma bunun Abbas Abbasova dəxli olub-olmadığını mən bilmirəm”.
23.06.2013 çap et