Vaxt.Az

«Müvafiq tədbirlər görüləcək»


 

Prokurorluq: «İstintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir»

«Müvafiq tədbirlər görüləcək» Leyla Yunusova və əri Arif Yunusov növbəti dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatında olan konkret cinayət işi üzrə şahid qismində dindirilmələri üçün iyulun 7-də istintaqa dəvət olunsalar da, üzrlü səbəblər olmadan istintaqa gəlməkdən qəsdən boyun qaçırıblar.


L.Yunusovanın istintaq qarşısında şərtlər qoymasına dair «Trend»in sorğusunu cavablandıran Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bir daha bildirib ki, L.Yunusovanın istintaq qarşısında hər hansı şərt qoyması qəbuledilməzdir və Cinayət-Prosessual Məcəllənin 95-ci maddəsinə əsasən, şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaqa gəlmək və dindirmələrdə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək kimi vəzifələrinin olmasına baxmayaraq, o, növbəti dəfə bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə ifadə verməyəcəyini nümayişkaranə şəkildə bildirməklə qanunvericiliklə müəyyənləşdirilmiş vəzifələri yerinə yetirməkdən qəsdən yayınıb.

«L.Yunusova istintaqa gəlməyəcəyi təqdirdə barəsində hansı qərarlar qəbul edilə bilər» sualını cavablandıran E.Sultanov deyib ki, L.Yunusova Azərbaycan Respublikasının vətəndaşıdır və digər vətəndaşlar kimi, o da öz növbəsində, qanunların tələblərinə riayət etməklə onlara hörmətlə yanaşmalıdır: «Əks təqdirdə, barəsində cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək».

 





07.07.2014    çap et  çap et