Eduard Ambrosiyeviç Şevardnadze 1928-ci il yanvarın 25-də Gürcüstanın Mamati kəndində anadan olub. Müharibədən dərhal sonra Tbilisi Komsomol Rayon Komitəsində kadrlar şöbəsində işə düzəlir, 50-ci illərin əvvəllərində Kommunist Partiyasının (KP MK) nəzdində ikiillik partiya məktəbini bitirdikdən sonra Gürcüstanın Lenin Kommunist Gənclər İttifaqının təlimatçısı olur. Sonra həmin ittifaqın Kutaisi şöbəsində, daha sonra yenidən Gürcüstan LKGİ-də çalışır.
Eduard Şevardnadze Tbilisi Tibb Texnikumunu və Tsulukidze adına Kutaisi Pedaqoji İnstitutunu (tarix üzrə) bitirir. 60-cı illərin əvvəllərində Mixail Qorbaçovla taış olur. Elə 60-cı illərin əvvələrində Daxili İşlər Nazirliyində karyera qurmağa başlayır, 70-ci illərin əvvəllərinə qədər Gürcüstanın daxili işlər naziri, 1972-ci ildən 1985-ci ilə qədər Gürcüstan KP MK-nın birinci katibi olur.
1985-ci ildən 1990-cı ilədək SSRİ-nin xarici işlər naziri vəzifəsində çalışır. Məhz onun vaxtında «soyuq müharibə» başa çatır, Moskva ilə Vaşinqtonun münasibətləri normallaşır, Kreml Almaniya ilə birləşməyə razılıq verir, Varşava Sazişi Təşkilatı dağılır.
1990-cı il, dekabrın 20-də SSRİ Xalq Deputatlarının IV qurultayında istefa qərarını açıqladı və elə həmin ildə də İKP-dən getdi. 1991-ci ildə Qorbaçovun dəvəti ilə yenidən xarici işlər naziri oldu, lakin həmin ilin dekabrında bu vəzifə ləğv edildi.
Şevardnadze Belovejsk razılaşmasını qəbul edən ilk sovet rəhbərlərindən olub. O, həmçinin Gürcüstanda Zviad Qamsaxurdiyanı devirən inqilabın təşəbbüskarlarından biri idi. Şevardnadze, Gürcüstan Respublikasının Müvəqqəti Şəhər Şurasının, daha sonra parlamentin sərdi qismində 1992-ci ilin əvvəlindən ölkəni idarə edib.
1992-ci ildə o, Cənubi Osetiyaya Rusiya sülhməramlılarının göndərilməsini təmin edən razılaşma imzaladı. Bundan sonra Abxaziyada münaqişə başladı və yalnız 1994-cü ildə MDB sülhməramlılarının bölgəyə gəlməsi ilə başa çatdı.
1995-ci il, noyabrın 5-də Şevardnadze yenidən prezident seçildi. 2000-ci il, aprelin 9-da növbəti prezident seçkilərində 80 faiz səs çoxluğu ilə qalib gəldi.
9 fevral 1998-ci ildə Şevardnadzeyə ağır sui-qəsd edilir: onun avtomobil korteji Tiflisin mərkəzində avtomat silahlar və qumbaraatanlardan atəşə tutulur. Amma zirehli `Mersedes`də olan prezident salamat qurtula bilir.
2003-cü ilin sonunda parlament seçkilərindən sonra Mixail Saakaşvilinin başçılığı altında Gürcüstan müxalifətinin o vaxtkı liderləri ölkədə saxtakarlıqlara yol verildiyin bəyan etdilər və «qızılgül inqilabı» başladı. Həmin il, noyabrın 23-də Şevardnadze istefa verdi.
Eduard Şevardrnadze 5 Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Ordeni və medalları, xarici mükafatlarla təltif edilib. Sosialist əməyi qəhrəmanı Şevardnadze, həm də Harvard, Boston, Atlanta, Los-Anceles və Trietsk Universitetlərinin fəxri doktorudur.
Qeyd etmək lazımdır ki, Gürcüstan bugünkü müstəqilliyini Eduard Şevardnadzeyə borcludur. O, Azərbaycanın Milli Lideri Heydər Əliyevlə də yaxın dost idi. Şevardnadze mətbuata müsahibələrinin birində Heydər Əliyev barəsində demişdi: «Onun haqqında böyük bir kitab yazmaq olar. Biz onunla bir yerdə işləmişik, dost olmuşuq. Aramızdakı hörmət sərhədsiz idi. Bizim münasibətlərimiz xalqlarımızı da dostlaşdırdı. Bu dostluğu daha heç kim məhv edə bilməz». (azvision.az)