Vaxt.Az
«İstirahət mədəniyyəti»
Yaşıllıq, bir neçə skamya, kiçik süni göl... Qərb ölkələrində parkların demək olar ki, hamısı bu cür olur.
Park ərazisinin böyük hissəsini qazon, ağaclar təşkil edir. Yaşıl örtük üzərində insanların həftəsonları piknik keçirməsinə imkan yaradılır. Bəzi ölkələrdə ümumiyyətlə, parkların bir hissəsi məxsusi olaraq pikniklərə ayrılır, insanların harada bardaş qurub otura biləcəyi də xüsusi lövhələrdə göstərilir.İndiki Bakı parklarını geniş təsvir etməyə yəqin ki, lüzum yox. Mərmər döşəmə, təmtəraqlı skamyalar, ortada iri bir fəvvarə, uşaqları cəlb etmək üçün qoyulan attraksionlar, karusellər, bahalı kafe və restoranlar.
Əcaib musiqilər də öz yerində.Parklarda çoxsaylı zibil qutuları qoyulsa da, hər skamyanın qarşısında tum qabıqları, dondurma kağızları görmək olur.Parklardan söz düşəndə, həmişə Londonun məşhur Hayd Parkında olmağı arzulayırdım. Burada fərqli nəsə görəcəyimə ümid edirdim. Amma yox, bu park da sadəliyi ilə digərlərindən seçilmirdi. Hətta burada taxta skamyalar əvəzinə parçadan açılıb-yığılan kürsülər qoyulmuşdu. Adamlar da bu kürsüləri istədikləri yerə sürüyüb orada dincəlirdilər.
Qara dəniz sahilindəki turistik zonalarda bu cür istirahət yerlərinin, bələdiyyə parklarının sayı çoxdur. Diqqətçəkən məqam – hər birində uşaqlar üçün pulsuz yelləncəklər, sürüşmə attraksionlarının olmasıdır. Maraqlısı odur ki, uşaq yelləncəklərinin yanında mütləq trenajorlar da qoyulur, böyüklər də burada pulsuz olaraq idmanla məşğul ola bilirlər.
15.09.2012 çap et