R.Seleznyova qarşı irəli sürülən ittihama görə o, 2009-2011-ci illərdə amerikalı istehlakçıların kredit kartlarına dair məlumatları oğurlayıb və satıb. 2011-ci ilin martında ona qarşı Vaşinqton ştatının məhkəməsində qiyabi ittiham irəli sürülüb və bu ittihamlar üzrə rusiyalını on illərlə həsb cəzası gözləyir.
Xəbərə görə ABŞ Maliyyə Nazirliyinin nəzdindəki Məxfi Xidmətin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları deputatın oğlunu ötən həftə, iyulun 5-də həbs ediblər. İyulun 7-də o, Amerikanın Sakit okeandakı Quma adasında məhkəmə qarşısında dayanıb. Hakim onun həbsdə saxlanılmasına qərar verib. Növbəti məhkəmə dinləmələri iyulun 22-nə təyin edilib.
R.Seleznyovun harada həbs edildiyi və Quam adasına haradan aparıldığı haqda məlumat verilmir. Həmçinin hansı ölkənin hakimiyyətinin Rusiya vətəndaşının həbsinə yardım etdiyi də açıqlanmayıb. İşi Məxfi Xidmət, Ədliyyə Nazirliyi və Vaşinqton prokurorluğu birgə araşdırır.
Deputat V.Seleznyov həbs edilən şəxsin oğlu olduğunu təsdiqləyib. Lakin o bildirib ki, oğlu ABŞ-da həbs edilə bilməzdi. Çünki o, həmin ölkədə deyildi. «Onun Amerika vizası olmayıb. Bu mənə təfsilatı ilə məlumdur» deyə deputat bildirib. Seleznyov hesab edir ki, onun oğlunu hansısa başqa ölkədə oğurlaya və ABŞ-a apara bilərdilər. Atasının dediyinə görə onun oğlu son vaxtlar Vladivostokda yaşayırdı, lakin xəbər yayılandan sonra onun telefonuna zəng çatmır.
V.Seleznyovun oğlu 2011-ci ildə Mərakeşdə terrorçu-kamikadzenin törətdiyi partlayış zamanı ağır yaralanıb və onu xüsusi təyyarə ilə Moskvaya aparıblar. Orada həkimlər Romanın ağır xəsarət almış qolunu xilas edə biliblər. Müstəntiqlərin məlumatına görə 30 yaşlı Roman Valeryeviç Seleznyov Moskvada qeydiyyatdadır və hakerlər arasında «Track2» ləqəbi ilə məlumdur.
İstintaqın versiyasına görə o, Amerikanın müxtəlif parakəndə satış müəssisələrinin məlumat bazasına daxil olub və virus yükləyib. Bu virus müştərilərin kredit kartı məlumatlarını köçürərək hakerə ötürüb. Müstəntiqlərin bildirdiyinə görə, Roman dünya üzrə eyni vaxtda bir neçə serveri idarə edib və həmçinin internetdə oğurlanmış kredit kart məlumatlarını satan xüsusi forumları idarə edib. «Bu şəxs və digər transmilli cinayətkar qruplar ABŞ-ın maliyyə infrastrukturuna ciddi zərbə vurublar» deyə Məxfi Xidmətin direktoru Culiya Pirson bildirib.