Ukraynanın baş prokuroru Vitali Yarema hazırda Kiyev şəhər administrasiyasının binasını və bəzi küçələrdəki hərəkətləri məhdudlaşdıran Maydan fəallarına qarşı gücdən istifadəni mümkün sayıb. Aktual.az-ın Ukrayna mətbuatına istinadən xəbərinə görə, o, bunu şəhərdə asayişin və gündəlik həyatın bərpası baxımından vacib sayıb.
Yarema deyib ki, Maydan fəalları öz işini gördü - Yanukoviç iqtidarı devrildi və indi onların hər birinin evlərinə dağılmasının vaxtıdır. Əlavə edib ki, əgər belə olmazsa, milisin silahdan istifadəsi gündəmə gələcək və hüquq-mühafizə orqanı əməkdaşlarının buna ixtiyarı var.
Jurnalistlərin suallarını cavablandıran baş prokuror ümid etdiyini bildirib ki, Maydan fəalları ilə hər hansı qarşıdurma yaranmayacaq. Xatırladaq ki, aradan bir neçə ay keçməsinə, hətta yeni mer seçilməsinə baxmayaraq, Maydan fəallarının çadırları hələ də şəhərin mərkəzi küçələrində qalmaqdadır.
  çap et