Vaxt.Az

Dünya çempionundan sərt sözlər


 

Romario: «Braziliya futbolunu bu günə federasiyadakı korrupsionerlər və quldurlar qoyub»

Dünya çempionundan sərt sözlər Əfsanəvi braziliyalı futbolçu Romario milli komandalarının DÇ-2014-ün yarımfinalında Almaniyaya tarixi məğlubiyyətinə görə ölkə Futbol Federasiyasını tənqid edib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, DÇ-1994-ün qalibi bildirib ki, Braziliya futbolu son illər deqredasiyaya uğrayıb.


«Bizim sevimli idman növümüz dərin böhran içindədir. Siz elə bilirsiniz, bunun günahkarı Skolari və oyunçulardır? Yox! Mənə elə gəlir ki, həqiqəti deməyin zamanı çatıb. Braziliya futbolunun bu günə düşməsinin səbəbkarı federasiyayadakı korrupsionerlər və quldurlardır» – deyə Romario bəyan edib.

O bildirib ki, son dörd ildə dəfələrlə Braziliya futbolunda ciddi problemlər olduğunu deyib, amma buna əhəmiyyət verən olmayıb: «Bunlar boş, havaya deyilmiş sözlər kimi qəbul edildi. Bu korrupsionerlər bizim irsimizi, dəyərlərimizi, ən əsası da futbolçularımızı idarə edirlər. Başa düşmək lazımdır ki, futbol biznesdir və bundan çoxları şəxsi mənafeyi üçün istifadə edir».

Romario Braziliyanın prezidenti Dilma Rusefə müraciətlərinin də nəticəsiz qaldığını deyib: «O, məni heç vaxt dəstəkləmədi. Xanım Rusefdən bir neçə dəfə xahiş etdim ki, futbolumuzdakı problemə müdaxilə etsin. Nəticəsi olmadı. Korrupsiya klublarda da dərin kök salıb. Bütün bunlar bizim futbolu məhvə aparır. Almaniya millisi bizim komandanı darmadağın etdi. Nəticədə Braziliya millisi milyard dollara təmir edilmiş «Marakana»da final oynamaqdan məhrum oldu. Federasiyanın prezidenti futbolçulara dəstək olmaq istəyən Kafunu paltardəyişmə otağından qovur. Kafu dünya çempionu adını qazanmış Braziliya millisinin kapitanı olub. Bu da ona qoyulan hörmət. Amma bütün bunlar bizim indiki futbol sisteminə xasdır». 

 





10.07.2014    çap et  çap et