Vaxt.Az

«Qoçuları»ın 1 manat «raconu»


 

Nəqliyyat müfəttişləri taksi sürücüləri ilə davaya evakuator gətirdilər

«Qoçuları»ın 1 manat «raconu» Nəqliyyat Nazirliyinin əməkdaşları bu gün saat 15 radələrində reyd keçirib. Səməd Vurğun bağının qarşısında keçirilən reydin məqsədi tamamilə fərqli olub. Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər ki, reydin keçirilməsində məqsəd Səməd Vurğun bağının qarşısındakı dayanacaqdan Hövsan qəsəbəsinə sərnişin daşıyan taksilərdən ödəniş etməyən və lisenziyasız fəaliyyət göstərən sürücüləri cəzalandırmaq olub.

Reyd zamanı sürücülərlə nazirlik əməkdaşları arasında gərginlik yaşanıb. Nəqliyyat Nazirliyinin əməkdaşları taksi dayanacağından istifadə edən sürücülərdən dayanacaq haqqını ödəməyənlərə qarşı sərt tədbir görməyə çalışırdı. Nazirlik əməkdaşları ödəniş etməyən sürücülərin avtomobillərini aparmaq üçün evakuator belə gətirmişdilər.

Sürücülərin isə ödəniş etməmək üçün öz əsasları vardı. Onlar dayanacaqda olan taksilərdən başqa yoldan keçən digər maşınların da Hövsana müştəri götürdüyünü əsas gətirib dayanacaq haqqı verməkdən imtina edirdi. Deyirdilər ki, qeyri-qanuni fəaliyyət göstərən taksilərə Nəqliyyat Nazirliyinin əməkdaşları nəzarət etməlidir.

Sürücülərin sözlərinə görə, nazirlik işçiləri səhər saatlarında gəlib dayanacaq haqqını alıb gedirlər, lakin sonradan kim istəyirsə, gəlib buradan müştəri götürə bilir.

Nazirlik əməkdaşları isə sərnişinlərin digər taksilərə minməsinin səbəbi kimi deyirdi ki, bu dayanacaqda olan və ödəniş edən taksi sürücüləri axşam saatlarında qiyməti qaldıraraq 1 manat 50 qəpik, 2 manat edir. Digər taksilər isə 1 manata aparır. Sərnişinlər də ona görə həmin taksilərə üstünlük verir.

Dayanacaqda olan və ödənişini edən sürücülər axşam saatlarında qiymətləri qaldırmalarını etiraf etdilər. Onların buna da əsası varmış: «Səhərlər adamın birini 1 manata aparırıq. Axşam isə 1 manat 50 qəpiyə də, 2 manata da aparırıq. Çünki axşamlar yolda tıxac olur. Çox gedib-gələ bilmirik. 1 manata aparmaq sərf eləmir».

Təbii ki, səhər saatlarında 1 manata, axşamlar isə 2 manata sərnişin daşıyan sürücülərə heç cür haqq qazandırmaq olmaz.

Ödənişə gəlincə isə qeyd edək ki, nazirlik əməkdaşları hər gün səhər saatlarından etibarən dayanacaqda dayanan sürücülərdən hazırladıqları siyahıya əsasən 1 manatdan yığırlar. Ancaq onlara heç bir qəbz verilmir. Yuxarıda qeyd etdiyimiz səbəblərdən ödəniş etmək istəməyən sürücülər isə «nəqliyyat qoçuları»nın görməyə öyrəşdiyimiz özbaşınalıqları ilə qarşılaşır.

Adlarının çəkilməsini istəməyən sürücülər deyir ki, ödəniş eləməyən sürücülərin sürücülük vəsiqələri zorla alınır və ya bir neçə nəfər gəlib nazirliyin maşını ilə aparır.

Sürücülərin adlarını qeyd etmək istəməməsinin də səbəbi var: «Siz bir azdan gedəcəksiniz, amma biz hər gün buradan çörəkpulu qazanırıq. Nazirlik işçiləri bütün günü gəlib aman verməyəcəklər ki, işləyək».

Ödənişə gəlincə isə sürücülər 1 manat ödədiyini deyir. Çəkiliş etməyimizdən narahat olan nazirlik işçiləri isə deyir ki, ödəniş 50 qəpikdir. Bizə çek də göstərdilər. Üzərində «Xüsusi ayrılmış yerlərdə pullu avtomobil dayanacağına görə birdəfəlik dayanacaq haqqı qəbzi» yazılmış qəbzdə ödəniş haqqı olaraq məbləğ 50 qəpik göstərilir. Amma nədənsə sürücülərin heç birində bu qəbzdən yox idi.

«Biz qanuni olaraq işimizi görürük» - deyən nazirlik işçiləri nədənsə şəkil çəkməyimizə etiraz edirdi.

Nəqliyyat Nazirliyinə məxsus 4 maşın və 1 evakuatorla sürücülərlə «1 manat söhbəti»nə gələn «nəqliyyat qoçuları»nın fəaliyyəti təki qanuni və şəffaf olsun...

 





10.07.2014    çap et  çap et