Nəzakət Qasımovanın həyat yoldaşı bir gün həyat yoldaşının gənc psixoloqla münasibətindən xəbər tutub və ailə dağılıb. Evdar xanım 2 uşaqla birlikdə tənha yaşamağa başlayıb.
«İndi bircə çıxış yolum var. Ancaq Allaha sığınıb, ona dua etmək. Çünki əlim hər yerdən üzülüb. Əgər günah olmasaydı, bəlkə artıq özümü öldürmüşdüm. İstəmirəm ki, yalançı psixoloqlar bundan sonra da mənim kimi köməksizləri aldatsınlar».
Əslində təkcə Nəzakət Qasımova yox, bir çox insan belə yalançı psixoloqların qurbanına çevrilib. Kiminin evi dağılıb, kimi çıxılmaz vəziyyətə düşərək intihar edib. Ekspertlər bunun səbəbini bu sahədə sistemin olmamasında görürlər. Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev ANS PRESS-ə açıqlamasında bildirib ki, insanların psixologiya, psixiatriya sahəsində anlayışları yox səviyyəsindədir. Ekspert deyir ki, psixiatr və psixoloqun mütləq tibbi savadı olmalıdır. Lakin bu gün Azərbaycanda tibbi savadı olan psixoloqlar azdır.
«Daha bir problem isə insanların psixoloqla psixiatrın fərqini anlaya bilməməsidir. Psixiatr xəstəyə dərman yazır, lakin psixoterapevt xəstəylə birbaşa ünsiyyətdə olur».
Onun sözlərinə görə, həqiqi psixoloqların sayı çox olmasa da, özünə psixoloq deyənlər kifayət qədərdir. «Hansısa şəxs başqa bir sahəni oxuyub, indi iş tapa bilmir. Gedib psixoloq işləyir. Əslində isə hətta bakalavr pilləli tibbi savadı olan şəxslər belə psixoloq işləyə bilməz. Bəziləri isə hansısa kursa gedir, 5-6 ay dərs keçir. Sonra gedib psixoloq işləyir. Müəllim, sosioloq və həkimlər psixoloq peşəsinə yaxındırlar. Lakin onlar azı 950 saat, yəni 4 ilə yaxın müddət ərzində təhsil almalıdırlar».
Ekspert deyir ki, hansısa fırıldaqçının, şarlatan insanları psixoloq adı altında qəbul etməsi onların həyatını alt-üst edir. Bu problem isə müasir zamanda psixoloqlara ehtiyacın olmasından irəli gəlir. Dəyanət Rzayev problemin həllini bu sahədə xüsusi qanunvericiliyin yaradılmasında görür.
Bu sahədə Avropa ölkələrinin, Amerika, Almaniya, İsveçrənin təcrübəsindən istifadə etmək lazımdır. Avropa qanunvericiliyinə görə, əsas təhsildən sonra, insan psixoloq olmaq üçün 7 il əlavə təhsil almalıdır.
Tibb elmləri doktoru Azər Manuçehri də D.Rzayevin fikirləri ilə razıdır. ANS PRESS-ə açıqlamasında o bildirib ki, özlərini psixoloq kimi qələmə verənlər cəmiyyətə ağlasığmaz dərəcədə ziyan vurur.
«Onların çoxu şarlatan, aferistdir. Xəstələr də belələrinin toruna düşürlər. Kimi parapsixioloq adı ilə ekstrasens və baxıcının yanına gedir. Onlar xəstələri aldadırlar. Bununla da xəstənin vəziyyəti ağırlaşır. Xəstənin vəziyyəti ağırlaşandan sonra özlərini ekstrasens, psixoloq kimi təqdim edənlər deyirlər ki, bu bizlik deyil. Bəzən bədəninə cin girib və s. sözlərlə xəstələri başlarından etməyə çalışırlar. Nəticədə həmin şəxslərin vəziyyəti daha da kəskinləşir və sonda həqiqi həkimlər də onlara yardım edə bilmir».
Ekspertin sözlərinə görə, son zamanlar təhsili, bacarığı, olmayan insanlar psixoloji dərnəklər yaratmağa başlayırlar. Onların nə məqsədə qulluq etmələri, kimlərə xidmət göstərmələri belə məlum deyil.
Azər Manuçehrinin sözlərinə görə, şarlatanlarla yanaşı həqiqətən də, tibbi savadı olan psixoloqlar olsa da, onlara müraciət edənlərin sayı nisbətən azdır.
«Tibb Universitetində «Psixologiya», «Tibbi psixologiya» kafedrası var. Həmin kafedranın tələbələri yaxşı psixoloq kimi işləyirlər. Psixoloji dəstək kabinetləri yaradırlar. Çoxu özlərini ekstrasens, falçı adlandıranlara aldanırlar. Çünki insanlar aldanmaq, illüziya ilə yaşamaq istəyirlər».
Alimin sözlərinə görə, bunun əsas çıxış yolu insanları uşaq vaxtından psixologiya ilə tanış etməkdir. Bunun ən yaxşı yolu isə orta məktəbdə adıçəkilən sahənin tədrisidir. Bu insanın gələcəkdə öz həyatını müəyyən etməyə də kömək edə bilər.
Təhsil Problemləri İnstitutunun doktorantı Limunət Əmrahlı ANS PRESS-ə bildirib ki, əslində Təhsil Nazirliyi bu istiqamətdə bəzi addımlar atıb. Lakin o da atılan addımların yetərli olmadığı qənaətindədir.
«Tibb sahəsində tibbi təhsilli psixoloqlar olmalıdır. Lakin Azərbaycanda hələlik belə ixtisaslaşdırılmış psixoloqlar yoxdur. Hazırda Bakı Dövlət Universitetində psixologiya ixtisası üzrə bakalavr və magistr pilləsi üzrə mütəxəssis hazırlanır. Burada da, bir neçə indeks üzrə psixoloqlar yetişdirilir. Lakin onlara verilən praktiki bilgilər yetərli deyil. Məhz bu boşluqdan istifadə edərək, təhsili olmayan insanlar özlərini praktiki psixologiyada sınayırlar».
Ümid edək ki, Təhsil Nazirliyi bu istiqamətdə daha ciddi addımlar atacaq və psixoloq köməyinə ehtiyacı olanlar «həkimlərin» qurbanı olmayacaqlar.