Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.
Azərbaycan Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni mətbuatının iddiası araşdırılır. Yaxın dəqiqələrdə bununla bağlı açıqlama veriləcək.
Xəbər verildiyi kimi erməni mənbələri iyulun 9-da Azərbaycanın kəşfiyyat-diversiya qrupunun işğal altında olan Kəlbəcər rayonuna daxil olduğunu, hətta oradan Ermənistanın Vardenis rayonuna keçdiyini xəbər veriblər. Azərbaycan kəşfiyyatçılarının sərhədi keçməsi xəbərləri ilə bağlı Vardenis əhalisi arasında böyük panika yaranıb. Ermənistan ordusunun vertolyotları Vardenis üzərində uçuşlar keçirib. Ermənilər onu da bildirirdi ki, diversiya qrupunun bir üzvü Kəlbəcərdə saxlanılıb, qalanları qaçıblar. Azərbaycan Müdafiə Nazirliyi isə ermənilərin bu məlumatlarını «yalan və təxribat» adlandıraraq Kəlbəcərdə azərbaycanlı hərbçinin, yaxud mülki şəxsin əsir götürüldüyünü təkzib etmişdi.