Vaxt.Az

Partizanları erməni qadın satıb


 

Həbs olunanlar Kəlbəcər qaçqınıdır

Partizanları erməni qadın satıb Virtualaz.org saytı xəbər verir ki, Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilər bu ərazilərə iki azərbaycanlının keçdiyini deyiblər. Onlardan biri saxlanılsa da digəri qaça bilib. Ermənilərin bildirdiyinə görə, hər iki şəxs mülki geyimdə olub, bu da Kəlbəcərə keçib erməniləri panikaya salan azərbaycanlıların hərbçilər yox, mülki şəxslər, çox güman ki, Kəlbəcər qaçqınları olduğunu deməyə əsas verir.

Daha sonra yayılan dəqiqləşdirilmiş məlumata isə tutulan azərbaycanlı Tərtərin Qapanlı kənd sakini Cəlal Quliyevdir.

Epress.am saytının xəbərinə görə, Kəlbəcərdə yaşayan erməni qadın iyulun 8-də saat 14 radələrində təsadüfən azərbaycanlıları görüb və Xankəndi polisinə zəng edib. Daha sonra polis azərbaycanlılardan birini tutub, digəri qaçıb. Qaçan şəxsin təxminən 50 yaşlarında olduğu bildirilir.

«Onlar xaraba evdə paltarlarını dəyişirdilər. Kənd sakinlərindən biri onların rus dilində danışdığını eşidib polisə məlumat verdi, birini tutdular. Onu da deyim ki, onlar hərbi formada deyildilər» - deyə erməni bildirib.

Saytın digər məlumatına görə, Kəlbəcərdə qeyri-qanuni məskunlaşmış erməni gənc yoxa çıxıb və onun «azərbaycanlı diversantlar» tərəfindən oğurlandığı təxmin edilir. Məlum olub ki, həmin erməninin 17 yaşı var, adı Smbat Tsakanyandır, ailəsi əslən Azərbaycanın Çardaxlı kəndindəndir. Müharibədən sonra ailə Kəlbəcərə köçüb.

Xəbərdə bildirilir ki, Smbat iyulun 4-də axşam Kəlbəcərin kəndlərinin birindəki evdən yoxa çıxıb.

Onun atası Mexak Tsakanyan deyir ki, oğlu evdə tək idi: «Qardaşım oğlu qalan ailə üzvləri ilə birlikdə qoz yığmağa getmişdi, o isə tək qalmışdı. Səhər məlum oldu ki, oğlum yoxdur».

Erməni iddia edir ki, onun oğlunu məhz «azərbaycanlı diversantlar» oğurlayıb: «Onlar bizim evə daxil olublar, nəsə axtarıblar, yemək götürüblər. Təsəvvür edin ki, diversiya hərəkəti məhz həmin gün edilib, onlar neçə nəfər olublar, bilmirəm. Mən yüz faiz əminəm ki, oğlumu diversantlar götürüblər. Sadəcə olaraq bilmirdim ki, oğlum tək qalacaq və belə iş baş verəcək, gəlib onu götürəcəklər».

Dağlıq Qarabağ polisi Smbat Tsakanyanın iyulun 4-də itkin düşdüyü barədə məlumat yayıb, onun axtarışını elan edib.

Tərtər Rayon Polis Şöbəsinin rəis müavini Məhərrəm Hüseynov «Azadlıq» radiosuna deyib ki, Qapanlı kənd sakini olduğu iddia olunan elə bir şəxslə bağlı hələ hər hansı məlumata malik deyillər.

«Elə bir adam Ermənistan tərəfdə saxlansaydı, yaxınları bizə müraciət edərdi. Bizə belə bir müraciət daxil olmayıb» - deyə rəis müavini bildirib.


«Qeydiyyatda belə bir adam var...»


Tərtər rayon Qapanlı kənd rəsmisi AzadlıqRadiosuna Şahbaz Quliyev adlı şəxsin həmin kənddə qeydiyyatda olduğunu təsdiqləyib:

«Kənddə qeydiyyatda belə bir adam var, amma o, 10 ildən çoxdur ki, Bakıda yaşayır. Bakıya köçməzdən əvvəl Rusiyada işləyib. Son vaxtlara qədər kənd evlərində yalnız anası qalırdı, indi qapıları bağlıdır, heç kim yaşamır».

 





11.07.2014    çap et  çap et