Vaxt.Az

Nazir nəzərdən düşüb?


 

Ziya Məmmədov prezidentin müşavirəsinə niyə çağırılmayıb?

Nazir nəzərdən düşüb? Məlum olduğu kimi, ötən gün prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nəqliyyat naziri Ziya Məmmədov, gənclər və idman naziri Azad Rəhimov və Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin iclasa qatılmaması diqqət çəkib.

Əbülfəz Qarayev Xorvatiyada olduğu, Azad Rəhimov isə Heydər Əliyev Fondunun Fransanın Kann şəhərində təşkil etdiyi «Bakı - Avropa Oyunları-2015» tədbirlərinə qatıldığı üçün müşavirədə iştirak edə bilməyib. Amma Ziya Məmmədovun və Aydın Əliyevin iclasa qatılmamasının səbəbi bəlli deyil.

Qeyd edək ki, ölkə başçısı çıxışında nəqliyyat sektoruna da toxunub və bildirib ki, Bakı sakinləri ən gözəl texnika ilə, maşınlarla, avtobuslarla təmin edilməlidir: «Hesab edirəm ki, yeni avtobuslar bir neçə aydan sonra artıq gətiriləcəkdir. Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, o vaxta qədər bütün bu məsələlər - onların parkinq yerləri, sürücülər, sistem, şəffaflıq öz həllini tapmalıdır».

Saytın iddiasına görə isə ekspertlər düşünürlər ki, ölkə başçısının Bakıda nəqliyyatla bağlı məsələnin tənzimlənməsini İcra Hakmiyyətinə tapşırması Ziya Məmmədovla bağlı xoş xəbər sayıla bilməz: «Həmçinin onun iclasa çağırılmama ehtimalı da var. Bu, nəqliyyat nazirinə etimadın azalması və yaxın günlərdə onunla bağlı ciddi qərarın verilməsinə də işarə ola bilər».

 





11.07.2014    çap et  çap et