Virtualaz.org saytı xəbər verir ki, bu barədə «Vestnik Kavkaza» portalına İsraildəki mötəbər qaynaqdan məlum olub. Məlumatda deyilir ki, bu səfər barədə hər hansı rəsmi məlumata rast gəlmək mümkün deyil. Bu barədə nə İsrail Knessetinin saytında, nə də bu ölkə KİV-lərində hər hansı məlumat yer almayıb.
Lakin İsraildəki olduqca məlumatlı mənbə bildirib ki, Saakyan İsrail rəhbərliyinə daxil olan bir sıra şəxslərlə görüşüb və əsasən iki məsələ müzakirə edib: 1915-ci il hadisələrinin 100 illiyi münasibətilə «erməni soyqırımı»nın tanınması və Azərbaycanla İsrail arasında hərbi əməkdaşlıq. Hansı ki, bu əməkdaşlıqdan İrəvanda olduqca bərk narahatdırlar.
Bununla belə İsrailin siyasi və diplomatik dairələrində Saakyanın səfəri barədə məlumatlara nəinki şərh vermirlər, ümumiyyətlə bu barədə danışmaqdan imtina edirlər.
Son vaxtlar İsrail Knessetində «erməni soyqırımı»nın tanınmasının tərəfdarları çoxalıb. Həmçinin İsrailin yeni seçilmiş prezidenti Reuven Rivlin də «soyqırım»ın tanınmasının tərəfdarıdır. Gözlənilir ki, xarici işlər naziri Aviqdor Libermanın lideri olduğu «Bizim evimiz-İsrail» partiyasının hakim koalisiyadan çıxmasından və parlamentdə ayrıca fraksiya kimi fəaliyyətə başlamasından sonra bu məsələ gündəliyə çıxarıla bilər.