Vaxt.Az
«Ədəbiyyat adamlarının iç üzü»
Bu yaxınlarda vicdanlı, birüzlü, qərəzsiz tənqidçi Rəhim Əliyevin “Taleyin sözü” adlı kitabını oxudum. Böyük ləzzət aldım, 20-30 il öncə yaşamış ədəbi simaların iç üzünü gördüm, ən əsası Rəhim müəllimi müəllifləri unudaraq etdiyi təhlil və tənqidlər çox xoşuma gəldi.Müəllif həmin kitabda Rəsul Rza və Səməd Vurğun arasındakı intiriqaları Azərbaycanın “Mortsart və Salyeri” dastanı adlandırır. Sözündən belə çıxır ki, şəraba zəhər qatan R.Rza imiş. Bu məsələlər öz yerində. Sadəcə Rəhim müəllimin düşüncələri mənim fikrimi şaxələndirdi, bu baxımdan məsələni özgə bir məqamda şərh etməyi düşündüm. Puşkinin “Mortsart və Salyeri” poemasının ideyasını Azərbaycan ədəbiyyatına tətbiq etdim, Salyerilərin sonsuz sayı məni heyrətə saldı.
Bakının bir tərəfində danos yazan şairin, bir tərəfindəsə haqqında danos yazılan şairin heykəli var. Deməli, tarix onların hər ikisini unutmur. Amma biz hansı heykəlin yanında hansı hissi keçiririk, bax bu görk olmalıdır.
2012-ci ilin Herostratları hər gün ədəbiyyatın Artemida məbədini “yandıraraq” tarixə düşürlər. Və bu yalançı tərcümeyi-hal onlarda fəxarət doğurur.
Qayıdaq poemaya. “Mortsart və Salyeri” poemasında Mortsart onun qədəhinə zəhər qatmış Salyeriyə badəsini başına çəkməmiş deyir ki, istedadla xəyanət bir yerə sığışa bilməz. Mortsart ölməmiş Salyerinin canına narahatlıq dolur, bilir ki, əməli artıq onu ifşa etdi. Salyeri Mortsartı öldürməklə, əslində, özünü sübut edir.
Zənnimcə, istedadlı adam paxıl ola bilməz, nə də kinli. Bu gün adamların kini və paxıllığı onların istedadı barədə deyilən xoş sözləri şübhə altına alır.
Mortsart, Salyerinin zəhər satdığı qədəhi də Salyerinin sağlığına içir, dahilik budur e...
İçirəm sənin, dostum sənin sağlığına, Mortsart, Salyeri - iki sənət övladının, iki qardaşın birliyinin sağlığına.
Mortsart hətta o qədər istedadlı idi ki, əgər bilsəydi ki, Salyeri onun şərabına zəhər qatıb, yenə də eyni şövqlə onun sağlığına içib ölərdi.
İndi bu “kalkanı” saxlayıb ədəbiyyat adamlarını düşünün, görün, nə qədər Salyerilər var – saysız-hesabsız. Barmaqla sayılacaq Mortsartları da sayın.
İstedad heç vaxt kinli, paxıl, ayaqaltı qazan ola bilməz. İstedad Allah verənlə, özü qazandığını bir yerdə ifadə edə bilən, o sərhəddən çıxmayan adamdır.
İstedad “sürüyə” qoşulmur. İstedad qartal kimi tək uçur. Mortsart kimi də tək xatırlanır...
29.12.2012 çap et