Qeyd edək ki, Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. On beş yaşında Gəncə DDT-nin nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrə çıxıb. 1939-cu ildən aktyor truppasının üzvüdür və yaradıcılığı yalnız bu kollektivlə bağlıdır. Gəncə Dövlət Dram Teatrının səhnəsində xalq artistləri Əşrəf Yusifzadə, Rəmziyyə xanım Veysəlova, Məhəmməd Bürcəliyev, Sədayə xanım Mustafayeva, Zülfüqar Baratzadə, respublikanın əməkdar incəsənət xadimləri Yusif Bağırov, Həsən Ağayev kimi sənət korifeyləri ilə birgə çalışıb.
Sənət uğurlarına görə, Azərbaycan Respublikasının əməkdar artisti (20 may 1958) və xalq artisti (1971) fəxri adları ilə təltif olunub. «Mən ki gözəl deyildim» (İmran), «Özgə ömrü» (Ata), «Qatır Məmməd» (Məşədi Göyüş) və sairə bədii filmlərə çəkilib. Ən məşhur ekran rolu «Dəli Kür» əsərində Cahandar ağa obrazıdır. Aktyor yüzə yaxın personaja səhnə ömrü verib.