Vaxt.Az

Kannda caz konsreti


 

Aralıq dənizinin incisində «Qafqaz mədəniyyətinin incisi» günləri davam edir

Kannda caz konsreti Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində caz musiqisindən ibarət konsert təşkil olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konsertdə iştirak edib.

Vaxt.az AzərTAc-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində davam edən Azərbaycan mədəniyyəti günləri çərçivəsində iyulun 11-də şəhərin Festivallar sarayında, açıq səma altında gənc cazmen İsfar Sarabskinin konserti təşkil olunub.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə iştirak edib.

Caz ifaçısı kimi tanınan Əməkdar Artist İsfar Sarabskinin konserti Kann şəhərinin sakinlərinə və qonaqlarına xoş ovqat bəxş edib, Azərbaycan mədəniyyət günlərinə daha bir çalar qatıb. Kannda musiqi janrları arasında sərbəstliyi ilə seçilən müstəqil, yüngül, eyni zamanda dərin və mənalı caz sədaları səslənib. Bu gecə Azərbaycan məhz bu musiqinin təqdimatı ilə növbəti dəfə Kannın qəhrəmanı olub.

Caz musiqisinin virtuoz ifaçısı İ. Sarabskinin çıxışı Kann sakinləri və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Ölkəmizdə çox dərin caz ənənələri var. Səbəblərdən biri isə odur ki, Azərbaycanın musiqi mədəniyyətinin əsasında bütövlükdə improvizasiya durur. Bu, bizi caza daha da yaxınlaşdırır.

Ölkəmiz Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz ifaçıları ilə fəxr edə bilər. Azərbaycan cazının əsasında müstəqillik və eyni zamanda milli ab-havanın birləşməsi ilə yaradılan fərqli və orijinal bir musiqi janrı dayanır. Bu, Azərbaycan cazının əfsanəsi adlandırılan Vaqif Mustafazadənin muğamdakı improvizasiyalara caz elementlərinin qarışığı ilə təqdim etdiyi yeni mükəmməl tandem - caz-muğam üslubudur.

Beləliklə, Azərbaycan Kann tamaşaçılarının qarşısına fərqli ovqat bəxş edən çılğın caz kompozisiyaları ilə çıxıb. Bu gecə Kann şəhərinin ruhunda heç bir qaydalara tabe olmayan, öz qanunları ilə yaşayan və yalnız improvizasiyanı hər şeydən üstün tutan caz ritmləri hökm sürüb.

 





12.07.2014    çap et  çap et