Üzərində «İrəli İngiltərə», «Biz çempionuq» və sair çağırışlar yazılmış dəbdəbəli mayka, köynək və başqa idman geyimləri mağazaların asılqanlarından asılı qaldı.
Təxminən 15-20 funt sterlinq qiyməti olan bu malları endirimlə 1 funt sterlinqə satırlar.
Ticarətçi üçün bu, heç ziyanın yarısı da deyil.
Lakin ingilis azarkeşi elə bir məxluqdur ki, o, öz komandası yarışı tərk etsə də, kiməsə azarkeşlik etməlidir.
Məsələn, İngiltərənin qrup mərhələsindən çıxmasına maneə olmuş komandanın əksinə azarkeşlik etmək mümkündür.
Amma indi, son final mərhələsində belə komanda da yoxdur.
Bağışlamağı bacarmaq lazımdır
Ona görə də ingilis futbol azarkeşi, çox ciddi idman və hətta siyasi seçim qarşısında qalıb.
Britaniyanın «The İndependent» qəzeti bu suala azarkeşlərin əvəzinə cavab axtarmağa çalışıb.
Qəzet yazır ki, seçimi çətin edən hər iki finalçının İngiltərəyə ənənəvi «düşmənçiliyidir».
«The İndependent» yazır ki, bu seçim üçün bağışlamağı bacarmaq lazımdır.
Britaniyanın Almaniya və Argentina ilə hərbi münaqişələri bir yana qalsın, elə futbol meydançalarında da xoşagəlməz qarşıdurmalar az olmayıb.
Qəzet yazır ki, məsələn elə İngiltərənin dünya çempionu olduğu 1966-cı ildə İngiltərə yığmasının meneceri lord Alf Ramsey Argentina futbolçularını «heyvan» adlandırmışdı.
O zamandan bəri iki komanda arasında qisas hissləri üçün başqa səbəblər də olub.
«Allahın qolu»
Məsələn, 1986-cı ilin dünya çempionatının yarımfinal mərhələsində əfsanəvi Dieqo Maradona İngiltərə komandasının qapısına qolu, əli ilə vurmuşdu. O, sonralar xəcalət çəkməkdənsə, bunu «Allahın qolu» adlandırmışdı.
1998-ci ilin çempionatında isə Devid Bekhem hakim tərəfindən meydandan məhz argentinalı Dieqo Simeona görə çıxarılmış və İngiltərə komandası bu oyunu uduzmuşdu.
Builki çempionatın açılış mərasiminə də Argentina futbolçuları üzərində Malvina adaları yazılmış plakatla çıxıblar. İngilislər bu adalara nəinki Falkland deyirlər, hətta onların uğrunda Argentina ilə müharibə də ediblər.
Bəs almanlar necə? «Onlar bizi elə hey məğlub ediblər» – yazır qəzet.
Onda kimi dəstəkləməli? Ola bilsin ki, bu məqamda yada iqtisadiyyat düşə bilər. Almaniya Britaniyanın bir nömrəli ticarət partnyorudur. Lakin Argentina ilə ticarət nə vaxtlarsa silah satışından və «Harrods» mağazasının Buenos Ayresdə açılmış filiallarından ibarət olub.
Bəs görəsən Britaniyanın liderləri Dünya Çempionatı 2014-ün finalında kimi dəstəkləyirlər.
Ölkə liderləri, bir də Vatikan
Baş nazir Devid Kemeron «The İndependent» qəzetinə bildirib ki, o Cənubi Amerikada keçirilən çempionatda Avropa komandasının qalib gəlməsini istərdi.
Başqa sözlərlə bu, almanlara azarkeşlik kimi də başa düşülə bilər.
Müxalifətin liderlərindən Ed Miliband deyib ki, o yalnız İngiltərəyə azarkeşlik edir. Yəni hazırkı final onu maraqlandırmır.
Baş nazirin avropayönlü müavini Nick Kleqq xanımının ispan olmasına baxmayaraq, finalda rahatca Almaniyanı dəstəkləyə bilər. Cənab Kleqq hətta proqnoz da verib: almanlar 3-1 hesabı ilə qalib gələcəklər.
Ölkənin dördüncü, UKİP partiyasının lideri Nigel Farag da millətçi imicinə baxmayaraq Almaniyanı dəstəkləyir, lakin xanımının alman olmasını çox da qabartmır.
Vatikan da seçim qarşısındadır. Deyirlər ki, hazırkı Roma Papası Fransis öz doğma Argentinasını dəstəkləyəcək.
Lakin çox güman o, final matçına , öz xələfi – keçmiş papa 16-cı Benedictlə birlikdə baxmayacaq.
Almaniyalı Benedict Bavariya (Bayern Munich) komandasının qızğın azarkeşidir.