Vaxt.Az

Axsaq atın kor nalbəndi ...


 

... və ya çolaq Ohanyan, xüsusi təyinatlı «axçi» və Kəlbəcəri dolaşan azərbaycanlı partizan

Axsaq atın kor nalbəndi ... Ermənilər arasında Kəlbəcərə, hətta oradan Göyçə mahalına qədər gedib çıxmış azərbaycanlı partizanlarla bağlı xof davam edir. Virtualaz.org saytı xəbər verir ki, Ermənistan müdafiə naziri Seyran Ohanyan bazar günü İrəvan klinik hospitalına gedərək iyulun 11-də Kəlbəcərdə adı açıqlanmayan, ancaq öldürüldüyü deyilən «azərbaycanlı diversant»la atışmada ağır yaralanan Karine Davtyan adlı qadına baş çəkib. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan facebook səhifəsində bildirib ki, nazir «azərbaycanlı diversant» tərəfindən yaralanan qadının səhhəti ilə maraqlanıb, onun yaxınları ilə görüşüb. Həmçinin hospitaldakı başqa yaralılarla baş çəkib.

Ovanisyan Ohanyanın hospitaldan çəkilmiş fotosunu yayıb, ancaq kadrda yaralı qadın yox, kişi əks olunur.

Həkimlər isə deyiblər ki, yaralı Davtyanın həyatı üçün təhlükə sovuşub. Onu vertolyotla vaxtında İrəvana çatdırdıqları üçün həyatını xilas etmək mümkün olub.

Hospitalın rəisi Aram Əsəturyan deyib ki, qadının vəziyyəti sabit ağırdır, deşib keçən güllə yarası var. Həmçinin gözü zədələnib və görmə qabiliyyətinin bərpasının mümkün olacağı hələ aydın deyil.

Xəbər verildiyi kimi, bundan əvvəl Ermənistan müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə «azərbaycanlı diversantlara» qarşı xüsusi əməliyyat keçirildiyini, bu zaman bir erməni mayorun öldüyünü, Karine Davtyanın isə yaralandığını açıqlamışdı.

Ohanyan «xüsusi əməliyyat»ın detallarını açıqlamayıb, ancaq deyib ki, «azərbaycanlı diversant» zərərsizləşdirilib, qalanları isə tutulub. Daha sonra qondarma «DQR müdafiə nazirliyi» Kəlbəcərdəki atışmada öldürüldüyü deyilən «azərbaycanlı diversant»ın fotosunu və ona aid olduğu iddia edilən silah-sursatın görüntülərini yayıb.

Kadrda «diversant»ın sifəti olduqca bulanıq düşüb və əgər separatçıların əlində doğrudan da «azərbaycanlı diversant»ın cəsədi vardısa, nədən daha aydın görüntülər yaymadıqları qaranlıq qalır. (Vaxt.az bu barədə geniş şərh yazmışdı)

Digər tərəfdən, nə Ohanyan, nə «DQR müdafiə nazirliyi» azərbaycanlı diversantlara qarşı xüsusi əməliyyatda erməni qadının iştirakına aydınlıq gətirməyiblər.

Epress.am saytı isə Ermənistanın Vardenis vilayətindəki mənbələrə istinadən xəbər verib ki, azərbaycanlı diversant Kəlbəcərlə Ermənistanın Qeqarkunik rayonunun sərhədində «Niva» markalı avtomaşına atəş açıb. Nəticədə maşındakı dörd nəfərdən biri - mayor rütbəli zabit öldürülüb, bir qadın ağır yaralanıb.

Qalan iki nəfərin taleyi barədə məlumat verilmir, ancaq «azərbaycanlı diversant»ın zərərsizləşdirildiyi bildirilir.

Eləcə də «azərbaycanlı diversant»la «Niva»dakı ermənilərin hansı şəraitdə qarşılaşdıqları məlum deyil.

Lakin dəqiq məlum olanı budur ki, söhbət Ohanyanın iddia etdiyi kimi «xüsusi əməliyyat»dan getmir.

Beləliklə, axsaq Ohanyanın ordusunun neçə gündür erməniləri vəlvələyə salmış «azərbaycanlı diversantlar»a qarşı keçirdiyi «uğurlu xüsusi əməliyyat»la bağlı olduqca ziddiyyətli məqamlar ortaya çıxır.

Bu, necə xüsusi əməliyyatdır ki, orada qadın iştirak edir? Ohanyanın ordusunda «azərbaycanlı diversantlar»a qarşı döyüşmək üçün kişilər tapılmadı ki, qadını göndərdilər? Əgər «diversantların» qalanları da tutulubsa, onların fotolarını niyə yaymırlar və öldürüldüyü deyilən «diversant»ın kimliyi, dəqiq fotosu niyə məlum deyil?

Bundan əvvəl ermənilər Kəlbəcərdə tutulan azərbaycanlı mülki şəxs - Tərtərin Qapanlı kəndindən olan Quliyev Şahbaz  Cəlal  oğlunun fotolarını və ona aid olduğu bildirilən silah-sursatın görüntülərini yayıblar. Həmin şəxsin yaxınları onun əvvəllər də daha bir neçə nəfərlə birlikdə Kəlbəcərə gedib-gəldiyini deyiblər.

Ş.Quliyev Bakıda «KamAZ» sürücüsü işləyirmiş. Azərbaycan tərəfi onun ermənilər tərəfindən əsir götürülməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət edib.

 





14.07.2014    çap et  çap et