Əvvəla onu bildirək ki, girov götürülən kəlbəcərlilər - Dilqəm Əhmədov və Şahbaz Quliyev uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərindən video çəkilişlər edirdilər. Məhz həmin videosüjetlər vasitəsilə insanlar öz yurd yerlərinin son vəziyyətindən xəbər tuturdular.
Şübhə yoxdur ki, bu dəfə də dostların Kəlbəcərə gedişi eyni məqsədi daşıyıb. Heç şübhəsiz ki, onların zaman-zaman çəkdikləri videosüjetləri “YouTube” videoşəbəkəsində ermənilər də izləyiblər. Bu, onlar üçün heç cür xoş ola bilməzdi. Məhz buna görə də ermənilərin Kəlbəcərdə bütün keçidləri möhkəmləndirmələri real görünürdü. Ancaq girov düşən soydaşlarımız bunu bilməmiş deyildilər.
Ona görə də hər dəfə Kəlbəcərə başqa səmtlərdən getmələri mümkün idi. Ancaq necə olursa, bu dəfə onların doğma yurd yerlərindən videoçəkilişlər etmək niyyətləri boşa çıxır. Məsələ burasındadır ki, bu barədə məlumat verməzdən öncə erməni mətbuatı bu ölkənin Müdafiə Nazirliyinə istinadən guya, hansısa partizan dəstəsinin Kəlbəcərdən Göyçə tərəfə keçdiyi barədə məlumat yayırlar.
Bu xəbərin üstündən bir neçə gün keçəndən sonra isə Ermənistan Kəlbəcərdə bir nəfərin əsir götürüldüyünü, bir nəfərin isə öldürüldüyü barədə məlumatı dövriyyəyə buraxırlar. Üstündən daha bir gün keçəndən sonra isə məşhur Dilqəm Əhmədovun girov götürülmə səhnəsini yayırlar. Belə görünür ki, bu hadisə ən azı 7-8 gün öncə baş verib. Bir nəfərin ölümü, iki nəfərin girov götürülməsi Azərbaycan üçün böyük itkidir.
Amma məsələnin Azərbaycan üçün müsbət tərəfi də var. Bu da ondan ibarətdir ki, bu 3 nəfər bizlərə xeyli uzaq görünən, zamanın diktəsi ilə bizlərdən uzaqlaşan Kəlbəcəri bizlərə çox yaxınlaşdırdı. Hətta bir anlıq hər kəs xəyalən də olsa, Kəlbəcərə getdi... Təkcə buna görə Sizə minnətdarıq əziz yurdsevər soydaşlarımız... Siz öz adınızı Atəşkəs Dövrünün Qəhrəmanları siyahısına yazdınız. Biz Sizə borcluyuq, Vətənin Böyük Qəhrəmanları...