«Bu proses Qırmızı Xaç Cəmiyyəti vasitəsilə həyata keçiriləcək. Onların sayəsində Kəlbəcərdə əsir götürülən vətəndaşlarımızla əlaqə yaratmağa çalışacağıq. Əsirlərin durumunu nəzarət altında saxlamaq və işgəncəyə məruz qalmamaları üçün nə lazımdırsa ediləcək. Təbii ki, onların azad edilməsi üçün də işlər görüləcək və görülür də».
Deputat əsir götürülən D.Əhmədovun erməni xüsusi təyinatlıları tərəfindən Rusiyada Orxan Zeynalov kimi tutulması və onunla «xüsusi terrorçu» kimi rəftar edilməsindən də danışdı. Onun sözlərinə görə, əsir düşən vətəndaşlara qarşı ermənilərdən normal rəftar gözləmək sadəlövhlük olardı:
«İki ölkə arasında illərdir ki, müharibə gedir. Onlar dəfələrlə dinc vətəndaşlarımıza qarşı bu cür qəddarlıq ediblər. İndi əsir düşən vətəndaşlara qarşı onlardan normal rəftar gözləmək sadəlövhlük olar. Onlar bu hərəkətləri ilə insanlığa qarşı necə qəddar olduqlarını göstərirlər və bunu çəkib göstərməklə, əslində mahiyyətlərini, hansı prinsiplə yaşadıqlarını dünyaya bəyan etmiş olurlar. Onlar özləri-özlərini ifşa edir».
A.Mollazadə əlaqə etdi ki, Ermənistanda əsir olan iki azərbaycanlının hüquqları kobud şəkildə pozulur:
«Əsirlərlə davranma qaydaları ilə bağlı xüsusi konvensiya var ki, onlar buna əməl etmir. Yayılan video görüntülərdən də bunu görmək mümkündür».
Millət vəkili bu hadisənin cəbhədə vəziyyəti gərginləşdirəcəyini düşünmür:
«Düşünmürəm ki, bu hadisə cəbhədə vəziyyəti gərginləşdirə bilər. Onsuz da mütəmadi olaraq atəşkəsi pozurlar və cavablarını da alırlar. Bundan artıq gərginlik müharibə deməkdir ki, bunun da bu hadisə ilə başlayacağına inanmıram».
Qeyd edək ki, əslən Kəlbəcərdən olan Dilqəm Əhmədov və Şahbaz Quliyev adlı iki azərbaycanlı girov götürülüb. Onlar uzun illərdir ki, Kəlbəcərə gedir, Ermənistanın işğalı altında olan doğma yurd yerlərindən videoçəkilişlər edirmişlər. (axar.az)