Vaxt.Az

Məktəb direktorundan inanılmaz hərəkət


 

171 saylı təhsil ocağının müdirəsi müəllimlərin adına kredit götürüb pulu onlara ödətdirir

Məktəb direktorundan inanılmaz hərəkət Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) Azərbaycanda indiyədək görünməyən hadisə baş verib. Belə ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır. Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.

Teymur Rzanın sözlərinə görə, məktəb direktoru müəllimlərin adına götürdüyü kreditləri ödəməkdən imtina edir: «Direktor müəllimlərin adına kredit götürməzdən əvvəl onlara vəd edib ki, hər ay banklara şəxsən özü ödəniş edəcək, beləliklə də müəllimlər heç bir maddi ziyana düşməyəcəklər. Buna görə də müəllimlər öz adlarına kredit götürüb həmin məbləği direktora verməyə razılaşıblar. Kredit götürülərkən məktəbin təsərrüfat hissə müdiri də zamin durub.

Lakin sonradan İradə Murğuzova banka heç bir ödəniş etməyib və müəllimlərə deyib ki, mən sizə işləmək üçün şərait yaratdığımdan kreditləri özünüz ödəməlisiniz. Nəticədə müəllimlərlə direktor arasında narazılıq yaranıb».

Hüquq müdafiəçisi dedi ki, banka borcu yaranan müəllimlər bu borcları ödəmək üçün daha çox vaxtları qalsın deyə az dərs saatı götürməklə evdə repetitorluq etməyə, yəni uşaq hazırlaşdırmağa çalışırlar: «Müəllimlərin dediyinə görə, direktor onlara evdə uşaq hazırlaşdırmağı təklif edib. Deyib ki, az dərs saatı götürün, evdə uşaq hazırlaşdırıb pul qazanın, banklara olan borcunuzu bu yolla ödəyin».

Teymur Rza məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edib: «Artıq 10 gündür müraciət etmişəm, lakin nazirlikdən hələ də xəbər yoxdur. Məndən başqa iki müəllim də bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Belə güman edirəm ki, nazirlikdən bu məsələnin böyüməməsini istəyirlər. Buna görə də nazirin məsələdən xəbərdar olmasına mane olurlar. Bunları nəzərə alıb nazirə mətbuat vasitəsilə müraciət edərək 171 saylı məktəbdə baş verənlərin araşdırılmasını istəyirəm. Çünki ortada yüz minlərlə manatlıq problem var. Bu problem isə direktorun vədinə inanan müəllimlərin çiyninə qoyulub».

T.Rza şikayətlərlə başlı məktəb direktoru İradə Murğuzova ilə görüşdüyünü də bildirdi: «Direktor dedi ki, ötən il məktəbdə yoxlama aparılıb. Buna görə də o, pula ehtiyacının olduğunu bildirdi. Aldadılmış və çarəsiz müəllimlər indi çıxış yolu axtarırlar».

Səslənən bu iddialara aydınlıq gətirmək üçün 171 saylı məktəbə dəfələrlə telefon açsaq da zənglərimizə cavab verən olmadı.

Xatırladaq ki, 171 saylı məktəblə bağlı mətbuatda mütəmadi tənqidi yazılar verilib. Belə ki, həmin yazılarda direktor sinif otaqlarının və ayaqyolunun təmiri üçün şagirdlərdən pul yığmaqda təqsirləndirilib.

Virtualaz.org saytı bu məsələ ilə bağlı bütün tərəflərin mövqeyini öyrənib dərc etməyə çalışacaq.

 





15.07.2014    çap et  çap et