Vaxt.Az

«Cavab verəcəklər...»


 

Ohanyan Kəlbəcərdə tutulan azərbaycanlıları hədələdi

«Cavab verəcəklər...» Ermənistanın müdafiə naziri, neçə gündür Kəlbəcərə keçmiş «azərbaycanlı diversantlara» qarşı «uğurlu əməliyyatlar» barədə raportlar verən Seyran Ohanyan bu gün yenə jurnalistlərin qarşısına çıxıb.

Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Ohanyan Kəlbəcərdə tutulan azərbaycanlı mülki şəxslərin «diversiya-kəşfiyyat fəaliyyəti ilə məşğul olduqlarını» deyib.

«Azərbaycan ordusunun rəhbərliyi kəşfiyyat-diversiya fəaliyyətinin həyata keçirilməsi üçün ərazini yaxşı bilən kriminal qruplardan istifadə edir» - deyə Ohanyan iddia edib.

Erməni nazirin sözlərinə görə, «azərbaycanlı diversantlar» qanunvericiliyin müvafiq maddələri ilə nəzərdə tutulan əməlləri törədiblər və onların barəsində «DQR hüquq-mühafizə orqanları» tərəfindən cinayət işi qaldırılıb.

«Onlar bizim qanunlarımız və beynəlxalq normalar əsasında cavab verəcəklər» - deyə Ohanyan hədələyib.

S.Ohanyan Rusiyanın Azərbaycana silah satması ilə bağlı prezident Serj Sərkisyanın Uruqvayda verdiyi açıqlamanı da şərh edib. Qeyd edək ki, Sərkisyan bu silah sövdələşməsinin Ermənistanı ciddi narahat etdiyini demişdi.

«Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq Ermənistanı əlbəttə ki, narahat edir. Ancaq nəzərə almaq lazımdır ki, biz Ermənistanla Rusiya arasında hərbi-texniki əməkdaşlığa dair hər şeyi erməni ictimaiyyətinə açıqlaya bilmərik» - deyə Ohanyan bildirib.

 





15.07.2014    çap et  çap et