Vaxt.Az

«Anam övladımı mənə qarşı çevirib»


 

İttiham, münaqişə, təhqir, qərəz dolu ailədə böyüyən uşaqlar

«Anam övladımı mənə qarşı çevirib» Taleyinə bir valideynlə böyümək yazılan (xüsusən atasız) uşaqlar cəmiyyətdə sürətlə artmaqdadır. Heç bir mənəvi bağları olmayan münasibətlərlə qurulan ailələr sonda dağılır və məsuliyyətsiz valideynlərin «sonrakı peşmançılığı» uşaqların başında çatlayır. Belə taleli uşaqlar cəmiyyətə bir növ natamam insan kimi daxil olur.

Ötənlərdə «Hamımızın yetim uşağı» yazısında Asim Ağazadə haqqında söhbət açmışdıq. Hətta onun anasını dinləmiş, atasını danışdırmışdıq. «Atası itkin uşaqlar» adlı xüsusi layihəmiz oxucularda maraq doğurub. «Uşaqlar necə tərbiyə olunmalıdır?!»- sualı ilə bağlı fikirlərinizə şərik çıxırıq deyə, oxucumuz zəng edib, rəyini bildirdi. Onu da əlavə etdi ki, 3 yaşlı Asim Ağazadə barədə yazın, görək məsuliyyətsiz bir nikahın günahı kimi dünyaya gələn bu uşaq harada, kimin yanında yaşayır, onun tərbiyə və müalicəsi ilə məşğul olan varmı? Atası ona aliment verirmi?

Bu suallara cavab üçün Asim Ağazadə ilə dərindən maraqlandıq. Onun barəsində topladığımız məlumatı nəzərinizə çatdırırıq. A.Ağazadə anası Gülnarla Bakı şəhəri Nəriman Nərimanov rayonu Faiq Yusifov 15, mənzil 16-da babasının himayəsində yaşayır. Təəssüf ki, bu ailədə qarşılıqlı ittiham, münaqişə, söyüş və qərəzlik hökm sürür.

Asimin anası Gülnar bildirdi ki, anası Sevil Əzizova «uşağa mən baxaram, sən cəhənnəm ol, ərə get» deyə onun üstünə gəlir, söyüb təhqir edir: «İki daş arasındayam. Uşağımı necə atım?! - etirazın müqabilində anam mənə əl qaldırıb, dartıb üst-başımı cırıb, saçımı yolub. Sevil Əzizova - ona ana deməyə dilim gəlmir, uşağımı mənə qarşı çevirib, Asim məni eşitmir».

Onu da deyək ki, mütəxəssis tərəfindən Asim Ağazadənin müalicəsi konsepsiyasına əsaslanan tərbiyə proqramı hazırlanıb. Ancaq nənə iki ayağını bir başmağa dirəyib bu proqramın həyata keçməsinə aman vermir. Nənə deyir ki, uşaq sərbəst olmalıdır, məhz nənə sərbəstliyi ucbatından Asim hərəkət və davranışlarında sanki meymunu andırır. Bütün bunlardan sonra fikirləşirik ki, gələcəyimiz olan uşaqları gələcəkdən niyə məhrum edirik?

P.S. Biz vaxt.az olaraq «Hamımızın yetim uşağı» layihəsini davam etdirəcəyik. Çünki cəmiyyətin bu xəstəliyi «xərçəng» kimi hiss olunmadan, amma çox sürətlə yayılır, böyüyür, inkişaf edir. Belə hesab edirik ki, bu cür tale yaşayan uşaqlar haqqında düşünməyin vaxtıdır. Problemin həlli ilə indi məşğul olunmasa, sonra çox gec olacaq.

 





15.07.2014    çap et  çap et