Vaxt.Az

İTV-də yeni qalmaqal


 

Cəmil Quliyev də televiziya rəhbərliyinin köhnə xəstəliyinə yoluxub

İTV-də yeni qalmaqal İctimai Televiziyanın nəzdində sənədli, tarixi-sənədli və digər müxtəlif səpgili filmlərin istehsalı ilə məşğul olan «Carçı film» yaradıcılıq birliyi ətrafında qalmaqal yaranıb. Aktual.az-ın əldə etdiyi məlumata görə, vaxtilə «Carçı film»in ərsəyə gətirdiyi ekran əsərlərində əməyi keçmiş yaradıcı və texniki heyət İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin qoyduğu qadağanın qurbanına çevriliblər. C.Quliyev İTV-nin özündən əvvəlki tarixini silməyə cəhd edərək bu televiziyanın təkcə öz adıyla bağlanmasını istəyir.

Telekanaldan sayta verilən məlumata görə, Cəmil Quliyev keçmiş rəhbərliyin dövründə çəkilən bədii, sənədli və televiziya filmlərinin ekrana çıxarılmasını yasaqlayıb. Məlumatda o da bildirilir ki, baş direktor daha da irəli gedərək arxivdə olan bəzi filmlərin silinməsi haqqında göstəriş verib. Bu isə ekran əsərlərində əməyi keçmiş yaradıcı və texniki heyətin qəzəbinə səbəb olub. Nəzərə alsaq ki, keçmiş rəhbərliyin dövründə «Carçı film» yaradıcılıq birliyində 600-dən çox bədii, sənədli və televiziya filmi çəkilib və bu filmlərə dövlət tərəfindən külli miqdarda maliyyə vəsaiti ayrılıb - o zaman Cəmil Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlətin ayırdığı külli miqdarda maliyyə vəsaitini israf etdiyini görmüş olarıq.

Mövzu ilə əlaqədar sayt Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə əlaqə saxlayıb. MTRŞ sədri bildirib ki, İctimai Televiziya öz fəaliyyətini ayrıca qanunla qurur: «İTV üzrə ayrıca qanun və yayım şurası var. Yəni onların peşə fəaliyyəti, yaradıcılıq işləri ilə onlar məşğuldular. Doğrusu, o proseslərin içində deyiləm. Ona görə də sualı onlara versəniz daha doğru olar».

İctimai Televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli isə ənənəsinə sadiq qalaraq ona ünvanlanan suala belə cavab verib: «5 dəqiqəyə zəng edin, suallarınızı cavablayım».

Deyilən vaxtdan sonra dəfələrlə əlaqə yaradılmasına baxmayaraq, Yayım Şurasının sədri zəngləri cavabsız qoyub.

Yayım Şurasının üzvü, millət vəkili Fuad Muradov suala cavab olaraq deyib ki, belə məsələlər telefonla həll olunmur: «Siz mətbuat xidmətimlə əlaqə yaradın və sualınızı ona ünvanlayın. Mən də sualınıza cavab verəcəm».

Sayt millət vəkilinin tövsiyəsinə əməl etsə də, gün ərzində istədiyi cavabı ala bilməyib.

Yayım Şurasının digər üzvləri ilə əlaqə yaratmaq cəhdi isə baş tutmayıb.

Media eksperti Qulu Məhərrəmli hesab edir ki, təxminən 15-20 ildir televiziyalarda bu ənənə var: «Yeni sədr gəlir, köhnə sədrin vaxtında çəkilən bütün maraqlı işləri kənara qoyur. Özləri heç nə yarada bilmirlər, amma əvvəllər çəkilmiş sənət əsərlərini ekran üzünə həsrət qoyurlar. Bu, adətən sənədli filmlərdə, tamaşalarda belə olur. Yəni biz başa düşməliyik ki, bu məsələlərin yaradıcılığa heç bir aidiyyəti yoxdur. Yəni mən özüm də bu məsələlərdən zərər çəkən adamam. AzTV-də vaxtilə bir neçə sənədli filmlərin müəllifi olmuşam, o cümlədən, Rövşən Almuradlı ilə «Qobustan» kimi məşhur sənədli filmimiz var idi. İndi o cür filmləri göstərmirlər və ya göstərəndə də sonda titrlərdə adları yığışdırırlar. Mən qanuni tərəfləri bir yana qoyuram, amma bu məsələnin bir əxlaq, etika tərəfi var. Əlbəttə, bu arzuolunmazdır! Məsələn, vaxtilə AzTV-də Babək Hüseynoğlunun zamanında 20-dən çox tamaşa çəkilib. Onların bir qisminin rejissorları tanınan adamlardı, amma bu və ya başqa formada o adamlar cəmiyyətdə öz mövqelərini sərbəst şəkildə ifadə edirlər. Elə buna görə onların filmləri göstərilmir. Və yaxud Rüstəm İbrahimbəyovun filmləri göstərilmir. Bu fəlakətdir! Bilirsiniz, onsuz da biz filmlərdə, tamaşalarda axsayırıq və üstəgəl, bu cür hazır çəkilmiş səhnə əsərlərini, ekran əsərlərini yığışdıranda biz tamamilə çılpaq vəziyyətdə görünürük».

Qulu Məhərrəmli həmçinin bildirib ki, bu xəstəlikdir və İTV-də bunu tətbiq edənlər də həmin xəstəliyin, virusun daşıyıcılarıdır: «Əgər ekran əsərləri sənət meyarları ilə çəkilibsə, o tamaşa, o ekran əsərinə heç kimin istəyindən asılı olmayaraq televiziyada həmişə yer olmalıdır. Təəssüf ki, bizdə yeni sədrlər gələn kimi, birdən-birə məşhur ssenari müəllifləri ola bilirlərmiş. Bunlar çox gülməlidir. Vaxtilə Nizami Xudiyev də bu addımı atmışdı, İndi Arif Alışanov da bu addımı atır. Təəssüf ki, özü yaradıcı adam olan Cəmil Quliyev də bu oyunlara gedir».

 





16.07.2014    çap et  çap et