Vaxt.Az
Səfirdən seçki açıqlaması
“Hər bir namizəd iştirak edə biləcək”
Helsinki Yekun Aktı və digər ATƏT sənədlərinin icrasının monitorinqi və onlara riayət olunmasının təşviqi ilə məşğul olan və daha çox Helsinki Komissiyası kimi tanınan ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası tərəfindən iyul ayının 16-da Azərbaycan barədə brifinq təşkil edildi. Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, müzakirələrə Komissiya katibliyinin əməkdaşları Şeli Han və Pol Karter moderatorluq ediblər.Brifinqdə Azərbaycanın rəsmi dairələrini ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycan-Amerika Dostluq Qrupunun rəhbəri kimi Vaşinqtonda ikitərəfli görüşlər məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil ediblər.
Brifinqə geniş yazılı məruzə təqdim etməklə bərabər səfir E. Süleymanov toplantı iştirakçıları qarşısında çıxışında Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən fəaliyyətlər haqqında geniş məlumat verib və əldə olunmuş nailiyyətləri sadalayıb. Səfir Azərbaycan hakimiyyət dairələri tərəfindən oktyabr ayındakı prezident seçkilərinin azad və demokratik şəkildə keçirilməsi üçün bütün müvafiq tədbirlərin görüləcəyini bəyan edib və ölkəmizin gələcək taleyinin başqa xarici paytaxt və ölkələrdə deyil, məhz Azərbaycan vətəndaşları tərəfindən müəyyən ediləcəyini göstərib. E. Süleymanov Azərbaycan Konstitusiyası və milli qanunvericiliyin tələblərinə cavab verdiyi təqdirdə, hər bir namizədin qeydiyyatdan keçirərək, seçkilərdə iştirak edə biləcəyini söyləyib.
O, insan hüquqları ilə bağlı ölkəmizin ünvanına səsləndirilən əsassız tənqidləri qətiyyətlə rədd edib və bu mövqeyini konkret faktlarla əsaslandırıb. Səfir bu mənada Azərbaycanın müstəqil ədliyyə sisteminin təşəkkül tapdığını, ölkəmizdə 5 minə yaxın KİV orqanının qeydiyyatdan keçdiyini, əhalimizin internetdən tam sərbəst şəkildə istifadə etdiyini, dinamik vətəndaş cəmiyyətinin mövcud olduğunu və insan kapitalının inkişafına ciddi diqqət yetirildiyini vurğulayıb. O, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində hökumət qurumlarının yorulmaz səylərini qeyd edib və bu kontekstdə “ASAN” xidmətinin qısa müddətdə qazandığı nəticələri təqdir edib. Bu siyasi islahatların uğurlu icrasını şərtləndirən iqtisadi nailiyyətləri da sadalamış səfir son 10 ildə Azərbaycanda əhali arasında yoxsulluq səviyyəsinin 49 faizdən təqribən 6 faizə endiyini göstərib.
Səfir Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu ifadə edib və Azərbaycan səfirinin ABŞ-ın Helsinki Komissiyasında iştirakını bu müsibətlərə verdiyimiz dəyərin bir nümayişi olduğunu bildirdi. E. Süleymanov həmçinin Azərbaycanın yerləşdiyi coğrafiyada müstəqil və suveren bir siyasət yeridən azsaylı ölkələrdən biri olduğunu açıqlayıb.
Çıxışı əsnasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə toxunan səfir Süleymanov bir milyon soydaşımızın evindən didərgin salındığı və Ermənistanın onların öz torpaqlarına qayıtmaq hüququnu rədd etdiyini bəyan edib. O, bu halın Azərbaycan əhalisi tərəfindən ən ağır insan haqları pozuntusu kimi qəbul edildiyini vurğuladı və bu pozuntuya müvafiq diqqət yetirmədən, Azərbaycanda insan haqlarından danışmağın qeyri-ciddi göründüyünü deyib. Bu çərçivədə E. Süleymanov Moldovanın parlament ombudsmanı Aurelia Qriqoriunun erməni işğalçılığı haqqında reallığı xatırlatdığı zaman İrəvanda üzləşdiyi təhqir və təhdidləri ABŞ ictimaiyyətinin diqqətinə çatdırıb və bu halı Helsinki prinsiplərinin kəskin pozuntusu kimi xarakterizə edib. O, yekunda ABŞ-ı ATƏT-in Minsk Qrupuna daimi nümayəndə təyin etməyə səsləyərək, münaqişənin nizamlanmasında onun daha fəal iştirakını arzu edib. Səfir həmçinin Ermənistanda keçirilmiş sonuncu prezident seçkiləri zamanı ciddi pozuntuların qeydə alınmasına baxmayaraq, həmin ölkəyə dair hər hansı tədbir təşkil edilməməsini Helsinki Komissiyasına irad tutub.
S. Seyidov öz növbəsində Azərbaycanın regional və qlobal səviyyədə artmaqda olan çəkisi və nüfuzu barədə danışıb, ABŞ ilə həyata keçirilən strateji əməkdaşlıq və tərəflər arasında mövcud qarşılıqlı etimadı qeyd edib və eləcə də ölkəmizin üzləşdiyi ciddi təhdidlərə baxmayaraq, ardıcıl surətdə müstəqil xarici siyasət yürütdüyünü bildirib. O, brifinq ərzində növbəti dəfə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının davam edən işğalının ağır nəticələrini önə çəkib. S. Seyidov Azərbaycanın Avropa Şurasının üzvü olaraq, bu təşkilatla müxtəlif sahələrdə və xüsusilə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı əməkdaşlığın əhəmiyyətini ifadə edib və Azərbaycanın 2014-cü ilin mayından etibarən bu təşkilata sədrlik edəcəyi barədə xəbər verib.
Millət vəkili həmçinin Azərbaycanın İnsan Hüquqları haqqında Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq, Azərbaycan vətəndaşlarının birbaşa olaraq bu məhkəməyə müraciət etmək hüququna malik olduqlarını deyib və Azərbaycan hökumətinin həmin məhkəmənin çıxardığı bütün qərarları icra etdiyini söyləyib. Bu kontekstdə Azərbaycanda insan hüquqlarının müdafiəsinin səviyyəsi üzrə bir göstərici olaraq, ölkəmizdən bu məhkəməyə təqdim edilən şikayətlərin sayının bir çox Avropa ölkələrindən aşağı olduğunu açıqlayıb. O, eynilə Azərbaycan həbsxanalarındakı məhbusların da sayının daha az olduğunu qeyd edib. Çıxışı əsnasında S. Seyidov bir daha Azərbaycanda aparılan siyasi islahatlar sayəsində əldə edilmiş nailiyyətləri açıqlayıb, lakin eyni zamanda qalan problemləri həll etmək üçün Azərbaycan rəhbərliyinin möhkəm siyasi iradəyə malik olduğunu bəyan edib.
Toplantıda ABŞ Dövlət Departamentini təmsil etmiş Dövlət katibi yardımçısının müavini Tomas Melia ABŞ-ın Azərbaycanı bir dost ölkə kimi gördüyünü və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib. O, Azərbaycan hökuməti ilə demokratiya və insan hüquqları üzrə davamlı dialoqun aparıldığını və cari ilin oktyabrında baş tutacaq prezident seçkilərinin azad və demokrat şəkildə təşkil ediləcəyinə ümidvar olduqlarını bildirib.
Təqdimatların ardınca tədbirə dəvət olunmuş natiqlər, o cümlədən E.Süleymanov və S.Seyidov brifinq iştirakçılarının suallarını cavablandırıblar.
Azərbaycan-Amerika Dostluq Qrupunun üzvləri qismində Vaşinqtonda ikitərəfli görüşlər keçirmək üçün ABŞ-da səfər olan millət vəkilləri Asim Mollazadə və Sevinc Fətəliyeva da brifinqə qatılmış iştirakçılar arasında olub.
Səfirlik qeyd edib ki, bir sıra mətbuat orqanları tərəfindən yayılmış məlumatlardan fərqli olaraq, Helsinki Komissiyasında Azərbaycan barədə tədbir “dinləmə” deyil, “brifinq” formatında baş tutub. Mövcud qaydalara əsasən, brifinqlər daha qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları Komissiyanın sədri və ya həmsədri deyil, sadəcə katiblik əməkdaşları aparırlar. Bu səbəbdəndir ki, Azərbaycana dair brifinqə Komissiya üzvlərindən heç biri qatılmayıb.
17.07.2013 çap et