Xüsusi əməliyyat adı altında biznesmeni və onun mühafizəçilərini yerə yıxaraq əllərini qandallayan maskalılar onları aerportdan naməlum istiqamətə aparıblar. Maskalılar biznesmenə və onun iki mühafizəçisinə «Komitə işləyir» deyə qışqıraraq (görünür, onlar komitə deyəndə İstintaq Komitəsini nəzərdə tutublar) yaxınlaşıblar və onları asfalta uzadaraq əllərinə qandal keçiriblər.
Tezliklə biznesmeni və onun mühafizəçilərini Volxonsk şossesinin kənarında tapıblar. Məlum olub ki, maskalılar azərbaycanlı biznesmenin özü ilə Dubaydan gətirdiyi 1,5 milyon dollar nağd pulu qəsb edərək aradan çıxıblar. Həmçinin polisə xəbər verə bilməmələri üçün onun və mühafizəçilərinin mobil telefonlarını da alıblar.
Zərərçəkən biznesmen yolun kənarına atılandan sonra polisə gedib və başına gələnlər barəəd məlumat verib. Məlumata görə, nəqliyyat polisi Pulkovo aeroportunda hadisənin şahidi olan heç kimi tapa bilməyib.
Azərbaycanlı biznesmen gömrük bəyannaməsində bildirib ki, 1,5 milyon dollar nağd pulu Sankt-Peterburqda elit mənzil almaq üçün gətirmişdi.
Müstəntiqlər soyğun hadisəsi ilə bağlı cinayət işi qaldırıblar, ancaq «adam oğurluğu» maddəsini hələ istifadə etməyiblər.
«Birincisi, adam oğurluğu bu situasiyada əlavə cinayət tərkibi yaradır, ikincisi, hələlik zərərçəkənlərin səmiliyinə dair şübhələr var» - deyə polisdəki mənbə bildirib.
Zərərçəkən Azərbaycan vətəndaşının kimliyi hələlik açıqlanmır. Rusiya DİN-in iqtisadi cinayətkarlıqla mübarizə idarəsindəki mənbə bildirib ki, azərbaycanlı əslində xaricdən Rusiyaya pul daşıyan kuryer ola bilər. Belələri daşıdıqları məbləğin cüzi hissəsini «haqq» kimi alırlar.
Bu, Rusiyada milyonlarla dollar nağd pul daşıyan azərbaycanlı biznesmenlərin, yaxud kuryerlərin maskalılar tərəfindən aeroportda qəsb edilməsinə dair birinci hadisə deyil.
Bu il mayın 5-də Dubay-Moskva reysi ilə uçan təyyarənin sərnişini olan azərbaycanlı biznesmen 3,3 milyon dollar nağd pulu «Şeremetyevo-2» aeroportunda özəl mühafizə şirkətinin mühafizəçilərinə və inkassatora təhvil verib. İnkassator pulu alıb mühafizəçilərlə birlikdə aeroportdan çıxmaq istərkən xüsusi təyinatlı geyimində olan maskalıların basqınına məruz qalıb.
Basqınçılar bu iki şəxsi avtomatlarla hədələyərək döyüblər, əllərinə plastik qandallar keçiriblər və patronları olmayan xidməti «İJ-71» tapançasını, nağd dollarla dolu iki çamadanı götürərək «Kadillak» markalı avtomobillə hadisə yerindən qaçıblar.
Soyğunçuları tapmaq üçün Moskvada və Moskvaətrafı vilayətdə başladılan əməliyyat nəticə verməyib. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.
Analoji hadisə ötən ilin sentyabrında Sankt-Peterburqun «Pulkovo» aeroportunda da baş vermişdi. Eyni ssenari ilə hərəkət edən, OMON forması geymiş silahlı maskalılar aeroportun çıxışında Türkiyədən gələn Azərbaycan vətəndaşına basqın edərək onun daşıdığı 2 milyon dollar nağd pulu götürmüş və aradan çıxmışdılar.
Bu hadisədən çox keçmədən eyni soyğunçuluq hadisəsi Moskvada baş vermişdi. 2013-cü ilin noyabrında İstanbuldan Moskvaya uçan Azərbaycan vətəndaşı Zaur Qədimov «Şeremetyevo» aeroportunun qarşısında basqına məruz qalmış və onun daşıdığı 2,7 milyon dollar nağd pul qəsb edilmişdi. OMON forması geyimiş 10 nəfər maskalı şəxs əvvəlcə aeroportun qarşısında Z.Qədimovu gözləyən özəl mühafizə xidməti əməkdaşlarının əllərini qandallamış və onları mikroavtobusa mindirərək aeroportdan kənarlaşdırmışdılar.
Silahlıların bir neçəsi mühafizəçiləri nəzarətdə saxlamış, qalanları isə aeroportun D terminalının qarşısında Z.Qədimovun çıxmasını gözləmişdilər. Azərbaycan vətəndaşı milyonlarla dollar nağd pulla terminaldan çıxan kimi silahlılar ona hücum etmiş, Z.Qədimovu yerə uzadan və başına silah dirəyən maskalılar onun pulla dolu çamadanını götürmüşdülər. Daha sonra Qədimovu mikroavtobusa mindirərək aeroportun ərazisindən çıxarmış və yola atmışdılar.
Heç bir halda bu soyğunçuluq hadisələrinin üstü açılmayıb. Eyni zamanda Dubaydan və Türkiyədən milyonlarla dollar nağd pulu Rusiyaya daşıyan azərbaycanlıların hansı qruplaşmalara bağlı olduğu qaranlıq qalır.