Vaxt.Az

Erməni kəşfiyyatçıları girovları müdafiə etdi


 

Hökumətlərini isə tənqid atəşinə tutdular

Erməni kəşfiyyatçıları girovları müdafiə etdi Bir neçə gündür ki, Ermənistan mətbuatı, guya Ermənistan xüsusi təyinatlılarının Azərbaycan diversiya qrupunu ələ keçirdiyi barədə məlumatlar dərc edir. Kəlbəcər rayonu ərazisində Ermənistan xüsusi təyinatlıları tərəfindən girov götürülmüş mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin diversant kimi təqdim olunması, Ermənistan hökumətinin hadisəni diversiya fəaliyyəti kimi adlandırması, ehtiyatda olan sabiq erməni kəşfiyyatçılarının da ciddi narazılığına səbəb olub.

Hadisəni diversiya fəaliyyəti kimi adlandıran erməni hökumətini lağa qoyan Ermənistanın «Veteran kəşfiyyatçılar» Birliyinin rəhbəri Suren Karapetyan, birliyin üzvü Artur Binyatyan, Qornidzor dəstəsinin komandiri olmuş Ara Xudaverdiyan və erməni jurnalisti vəziyyəti birgə dəyərləndirərkən, Ermənistan hökumətinin bu hadisəyə diversiya fəaliyyəti donu geyindirməsini gülməli adlandırıblar. Hadisələri şərh edən kəşfiyyatçılar bildiriblər ki, hökumətin diversant kimi təqdim etdiyi qoca kişini yaşlı bir qadın aşkar edib və onun azərbaycanlı olduğundan şübhələndiyini bildirib. Amma Ermənistan Müdafiə Nazirliyi özünü reklam edir ki, guya işləyir, əks-kəşfiyyat işi ilə məşğuldur, və guya onlar diversiya qrupunu aşkar ediblər. Erməni kəşfiyyatçılar bildiriblər ki, hökumət bununla öz avtoritetini artırıb, xalqa guya işlədiyini və onların təhlükəsizliyini təmin etdiyini göstərməyə cəhd edir. Özü də bunu əhalini Azərbaycan kəşfiyyatı, diversiyası ilə qorxudub təşvişə salmaqla həyata keçirir.

Həbs olunmuş şəxslərdən birinin üzərində Azərbaycan bayrağının olmasını xüsusilə vurğulayan erməni kəşfiyyatçıları bildiriblər ki, təkcə bu amil onu deməyə əsas verir ki, həmin şəxslər nə kəşfiyyatçı, nə də diversant deyil. Çünki heç bir ölkənin diversantı və ya kəşfiyyatçısı üzərində aid olduğu dövlətin bayrağını gəzdirmir.

Erməni kəşfiyyatçıları həmçinin, hadisələrə diversiya donu geyindirən, başı Ermənistan dövlətini talamağa, məşuqələrinə qarışan hökuməti tənqid edərək ələ salıblar.

 





17.07.2014    çap et  çap et