Vaxt.Az

“Mütəllibova silah çəkməmişəm...”


 

Rəhim Qazıyev keçmiş silahdaşlarının ittihamlarına cavab verdi

“Mütəllibova silah çəkməmişəm...” Azərbaycan KQB-sinin sabiq sədri, hazırda Rusiyada yaşayan Vaqif Hüseynov öz kitabında Azərbaycanın bəzi tanınmış şəxsləri, o cümlədən AXC üzvləri barədə kəskin ittihamlarla çıxış edib. V.Hüseynov onları Moskvaya və Heydər Əliyevə işləyən agentlər adlandırıb. Kitabda ittiham olunan şəxslərdən biri də Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevdir. O, barəsində səslənən ittihamlara virtualaz.org saytına müsahibəsində cavab verib. Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan SSR DTK-nın sabiq sədri Vaqif Hüseynov Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini DTK ilə əməkdaşlıqda günahlandırır. Siz də cəbhənin yaradıcılardan biri olmusunuz. Bu haqda nə fikirləşirsiniz?

- Mən o yazını oxumamışam, amma sizin söylədikləriniz əsasında deyə bilərəm ki, əgər Vaqif Hüseynov həvəskar jurnalistika ilə məşğuldursa, onu başa düşərəm. Amma o, həmin dövrdə Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olmuş bir adamdır. Sənədsiz-sübutsuz bu sözləri deməsi çox gülməlidir. O, komitə rəhbəri olubsa, onun əlində bütün faktlar var. Açıqda olmalıdır hər şey. Allahdan başqa elə bir qüvvə yoxdur ki, mən ona qulluq edim. Əgər belə faktlar varsa, olubsa, Vaqif Hüseynov, Heydər Əliyev bunu çoxdan ortaya çıxarardılar. Vaqif Hüseynovun bu məsələyə belə qeyri-ciddi yanaşmağına çox təəssüf edirəm.

- 1990-cı ildə Azərbaycan-İran və Azərbaycan-Türkiyə sərhədinin dağılmasında rolunuz nə dərəcədə olub?

- Mən axı heç o vaxt Naxçıvanda olmamışam. 1989-cu il, dekabrın 29-da Nemət Pənahlı Azadlıq meydanında iki gün sonra Naxçıvana gedəcəklərini və sərhədi dağıdacaqlarını dedi. Amma mən bu hadisəyə nə “hə”, nə də “yox” demişəm. Mən həmin dövrdə Politexnik İnstitutunda tətbiqi riyaziyyat müəllimi idim və təhsil sahəsində gördüyüm haqsızlıqlara qarşı mübarizə aparırdım.

- Bəs Xalq Cəbhəsinə necə gəldiniz?

- Mənim evim o vaxt İnşaat Mühəndisləri İnstitutuna yaxın idi. Yolda gələndə həmin binanın qabağına xeyli adamın yığışdığını gördüm. Yaxınlaşanda isə divara ermənilərin bir vərəq yapışdırdığının və üzərində “Biz Azərbaycanı Livana, Bakını Beyruta çevirəcəyik” yazdığının şahidi oldum. O vərəqi cırıb evə gətirdim. Eyni zamanda həmin dövrdə Əsgəran hadisələri, bir neçə gəncin amansızcasına öldürülməsi hadisələri gözümün qarşısında baş vermişdi. Mən sıravi bir müəllim və üç qız atası idim. Sadə bir Azərbaycan vətəndaşı kimi düşündüm ki, oturub erməninin nə vaxt bizim namusumuza, vicdanımıza toxunacağını gözləyə bilmərəm. Hərəkata gəlişim də belə oldu.

- Bəs sizi Cəbhəyə kim gətirdi?

- Cəbhəyə məni heç kim gətirməyib, özüm gəlmişəm. Mən Əbülfəz Əliyevlə ilk dəfə Xudu Məmmədovun dəfni günü görüşdüm. Bundan sonra o, mənə dedi ki, belə bir cəbhə ideyası var və mən bu ideyanı tələbələrimin arasında uğurla təbliğ edə bilərəm. Beləcə, mən Xalq Cəbhəsinin Yasamal rayon özəyini yaradam adamlardan birinə çevrildim.

- Əbülfəz Elçibəyin Xalq Cəbhəsinin sədri seçilməyinə münasibətiniz necə oldu?

- Mən onun qızğın lehinə idim. Və onu da deyim ki, mənim AXC İdarə Heyətinə gəlmək kimi fikrim də yox idi. 1989-cu ilin iyulunda bir xeyir-şər məclisində 196 nəfər səsvermə hüququ olan şəxs yığıldı və Xalq Cəbhəsinin qurultayı keçirildi. Əvvəlcə Zərdüşt Əlizadə, Leyla Yunus, Yusif Səmədoğlu və başqalarının daxil olduğu İdarə Heyəti seçildi və onların da içindən Əbülfəz Əliyev sədr oldu. Yeri gəlmişkən, İdarə Heyətinə ən ədalətli şəkildə gələn adam da məhz mən olmuşam. Səsvermə hüququ olan şəxslərdən biri mənim namizədliyimi təklif etdi. 196 nəfərdən 192-nin razılığı ilə mən İdarə Heyətinə daxil oldum.

- Zərdüşt Əlizadə öz müsahibələrində iddia edir ki, içi siz qarışıq Etibar Məmmədov, Nemət Pənahlı, İsa Qəmbər sonradan başladılar Heydər Əliyevə qulluq edən şəxslərə çevrilməyə...

- Kişi olan kəs yalan danışmaz. Mən də sağam, o da sağdır. Gəlsin, oturaq üz-üzə danışaq, müzakirə edək. Amma mən ona bir şeyi demək istəyirəm. Zərdüşt getsin araşdırsın atası Mübariz Əlizadənin fəaliyyətini, onun kimə, hara işlədiyini. Sonra gəlsin danışaq. Onun mənim barəmdə ən böyük böhtanı guya Ayaz Mütəllibov istefaya gedərkən onun yanına gedib tapança çəkməyim olub. Belə şey olmayıb axı. Ayıbdır, bu qədər də ləyaqətsizlik olmaz. Mən qoçu, quldur olmamışam heç vaxt.

- Sizi nə vadar edirdi ki, 20 yanvar hadisələri zamanı insanları küçəyə çıxarasınız?

- Belə bir fakt yoxdur. Biz Səttarxan adına zavodun mədəniyyət evində kəsilib yığılmış armaturları, benzin doldurulmuş butulkaları yığışdıran adamlarıq. Mən öz gözlərimlə nömrəsiz qara “Volqa”ları görürdüm. Onlar Şərifzadə küçəsi ilə hərəkət edərək balkonlardan adamları küçəyə düşməyə çağırırdılar. Bu, birbaşa KQB-nin iyrənc əməlləri idi. Vaqif Hüseynovun zərrə qədər vicdanı varsa, bu hadisəni danışsın. Xalqa nağıl danışmasın.

- Bəs dəmiryolçuları niyə tətilə çağırmısınız? Zərdüşt Əlizadə bunun sizin təşəbbüsünüz olduğunu iddia edir...

- Həmin dövrdə biz Azərbaycanın rəhbərliyinə bu faciənin dərinliyini başqa yolla başa sala bilmirdik. Onlar o kreslodan elə yapışmışdılar ki, başqa heç nə görə bilmirdilər. 20 yanvar hadisələrindən sonra bir adamın qeyrəti çatmadı ki, çıxıb istefa versin. Qaldı iqtisadiyyata, iqtisadiyyat çoxdan dağılmışdı, biabırçı vəziyyət idi ölkədə. Hakimiyyətin cürəti çatmırdı ki, xalqın qarşısına çıxıb nəsə desin.

- Heydər Əliyevlə ilk görüşünüz nə vaxt olub?

- Zərdüşt Əlizadə iddia edir ki, guya mən onunla hələ 1989-cu ildə görüşmüşəm. Amma olmayıb belə bir şey. Heydər Əliyevlə ilk görüşüm 1991-ci ildəki sessiyada olub. Orada da həmişə onun yanında gəzən kürəkəni Mahmud Məmmədquliyev var idi. O dövrdə Heydər Əliyevə hamı etiraz etdi, mənsə onu müdafiə elədim. İkinci görüşümüz isə seçkilər vaxtı, həmin ilin sentyabrında oldu. Haşiyə çıxım ki, hətta Ayaz Mütəllibova Şüvəlanda bağda görüşdüyümüz zaman ona bu seçkilərlə bağlı dedim ki, heç 98,4 faiz də səs olarmı. Mütəllibov da mənə cavabında “hə, mən onlara demişdim ki, bir az az eləsinlər...” dedi.
Heydər Əliyevlə ikinci dəfə 1991-ci il, sentyabrın 20-22-i arası Naxçıvanda görüşdük. Heydər Əliyev Vasif Talıbovun evində qalırdı. Onunla düz 3 saat 55 dəqiqə söhbətimiz oldu. Dəfələrlə olub ki, o, mənə vəzifə təklif edib. Amma mən onun üzünə baxıb demişəm ki, sizə inanmıram. Çünki mənə vəzifə təklif edilməmişdən 10 gün əvvəl 11 nəfərlik siyahını özüm aparıb onun qarşısına qoymuşdum. Hadisələrin necə cərəyan edəcəyini artıq bilirdim. Gözləyirdim ki, Heydər Əliyev mənə çox ağır cavab versin. Düzü, mən ondan tamam başqa reaksiyaları, addımları gözləyirdim həmişə. Amma o, çox sakit formada mənə “Rəhim, narahat olma” deyirdi. Bax, mən o zaman başa düşdüm ki, necə böyük səhv eləmişəm.

- Surət Hüseynovun təqdimatını Elçibəyə kim vermişdi bəs? Siz Surəti tanıyırdınızmı?

- Onu mənim başımın üstündən təyin elədilər. Prezident istəsəydi, bunu mənə əvvəl deyib xəbərdar edərdi. Amma deməyib. Niyə? Çünki Pənah Hüseyn, İsa Qəmbər, Arif Hacılı mənim orada olmağımı istəmirdilər, fikirləşirdilər ki, bunlar gəlibsə, mən istefa verməliyəm.

- MTN-in arxivlərinin açılması tələbi niyə yerinə yetirilmədi?

- Mən həmişə bunun tərəfdarı olmuşam, qoy açılsın. Mənim qorxduğum heç nə yoxdur o arxivlərdən. Zərdüşt Əlizadənin dediyi kimi, mən Heydər Əliyevə alət olurdumsa, 12 illik ömrümü türmədə niyə çürüdürdüm?! Satılmağa başlamışdımsa, niyə davam eləmədim?! Satılan adamın namusu, qeyrəti olmur onsuz da. Sadəcə bir nüans oldu. Heydər Əliyev Milli Məclisdə mənə vəzifə verəndən sonra məni təhqir etdi və mən də ona çox kəskin cavab verdim. Çünki o, mənə hərbi sənaye kompleksini həvalə edəndə iyunun 29-u idi. Üstündən 15 gün keçməmiş məni bu xainlikdə ittiham etdilər. Bilmirdilər ki, guya Şuşa necə gedib?! O hadisədən sonra Azərbaycana hansı zərbələr dəydi - Qubadlı, Füzuli, Zəngilan, Horadiz getdi...

- Milli Şura haqqında nə deyə bilərsiniz?

- Mən onlara uğurlar diləyirəm, başqa heç nə. Rüstəm İbrahimbəyov da mənim üçün sadəcə bir ziyalıdır. Mənə təxminən 3 ay bundan əvvəl bir zəng oldu, şuraya qatılmaq təklifi gəldi. Amma ora qatılmaq kimi bir fikrim yoxdur.

- Keçmiş həmkarlarınızla münasibətiniz nə yerdədir?

- Onlarla görüşmüşəm. Sonuncu dəfə Etibar Məmmədovun qardaşının yas məclisində iştirak etmişəm, vəssalam...

- Nə işlə məşğulsunuz bəs indi?

- Oturmuşam evimdə, bu iqtidarın Allahı yoxdur. Mən Müdafiə Nazirliyinə məktub yazdım və tələb elədim ki, orada işlədiyim illər barədə mənə sənəd, arayış versinlər. Arayışa uyğun olaraq mənə məvacib verilməli idi. Amma oradan cavab gəldi ki, mənim orada heç bir sənədim yoxdur. İqtidara bax belə şeylərə görə nifrət edirəm. Hər halda mən vəzifədə olduğum müddətdə Qarabağın 52 faizi işğaldan azad olundu, Rusiya qoşunları ölkədən çıxarıldı. Amma indi Qurana əl basan, xalqa and içən Elçibəy qəhrəmandır, Rəhim Qazıyevi isə vətən xaini çıxardılar. O, gedib oturmuşdu Kələkidə. Niyə çıxmırdı xalqın qarşısına? Mən hökumətə 3 istefa ərizəsi vermişəm və özüm uzaqlaşmaq istəmişəm. Sonra da deyirlər ki, guya məni işdən çıxarıblar. Olanları təhrif edib xalqa belə çatdırmaq olmaz, ayıbdır. Bu, bizim tariximizdir.

 





13.07.2013    çap et  çap et