Bundan əvvəl Donetskdəki separatçıların nümayəndəsi bəyan etmişdi ki, təyyarənin «qara qutu»su oxunması üçün Moskvaya veriləcək. Hadisə yerində 5 həkim briqadasının işlədiyi, Donetsk separatçılarının hələ də əraziyə Ukrayna nümayəndələrini buraxmadığı bildirilir.
Məlumatına görə, təyyarənin düşdüyü ərazidə xilasedicilər və «Donetsk Xalq Respublikası» könüllü döyüşçüləri işləyirlər. Təyyarədə olan sərnişinlərin cəsədləri, təyyarənin hissələri 15 kilometr radiusda səpələnib.
***
Cümə axşamı Donetsk səmasında vurulan «Malayziya Hava Yolları»na aid «Boinq-777» təyyarəsində 154 Hollandiya vətəndaşı olub. ANS PRESS-in məlumatına görə, bu barədə Amsterdamın Sxipxol aeroportunda mətbuat konfransı keçirən «Malayziya Hava Yolları»nın Avropa şöbəsinin vitse-prezidenti Xuib Qorter bildirib. Onun sözlərinə görə, təyyarədə 280 sərnişin, 15 ekipaj üzvü və 3 südəmər körpə olub.
Təyyarədə olanların milliyyətinə qaldıqda isə Qorter; 154 holland, 27 avstraliyalı, 23 malayziyalı, 11 indoneziyalı, 6 britaniyalı, 4 alman və 4 belçikalı, 3 filippin, eləcədə 1 kanadalı olduğunu bildirib. Digərlərinin milliyyəti müəyyənləşdirilir.
Barak Obama çıxışında bildirib ki, həlak olanlar arasında 23 nəfər ABŞ vətəndaşı var. Prezident həmin şəxslərin ikili vətəndaşlığının olduğunu ehtimal edib.
Bu arada həlak olan 298 nəfərdən 121-nin cəsədi tapılıb. Qurbanların arasında QİÇS üzrə dünya səviyyəli alimlər var. Onlar iyulun 20-də Avstraliyada (Melburn) keçiriləcək 20-ci beynəlxalq konfransının üzvləri idi.
Qorter ölənlərin yaxınlarına baş sağlığı verərək onlara hər cür kömək ediləcəyini bildirib. Şirkət nümayəndəsi bildirib ki, təyyarə uçan bölgə təhlükəsiz sayılıb. «Əks halda təyyarə oradan uçmazdı», - deyərək faciənin baş vermə səbəbləri haqqında suallara cavab verməkdən imtina etdi.
***
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Malayziyaya məxsus təyyarənin qəzaya uğramasına görə məsuliyyət Ukraynanın üzərinə düşür.
İTAR-TASS agentliyinin verdiyi xəbərə görə, bunu V. Putin iqtisadi məsələlərə dair iclasda bəyan edib.
«Əgər Ukraynanın cənub-şərqində sülh və əmin-amanlıq hökm sürərdisə, hərbi əməliyyatlar keçirilməzdi və belə faciə baş verməzdi. Faciə Ukraynanın hava məkanında baş verib, deməli məsuliyyəti də bu ölkənin üzərinə düşür» - deyə V.Putin bildirib.
***
Son məlumata görə, Donetsk üzərində aviaqəzanın qurbanları 283 sərnişin, 15 ekipaj üzvü olmaqla 298 nəfərdir. ANS PRESS-in məlumatına görə, bu barədə «Malayziya Hava Yolları» xəbər verib. Daha əvvəl 295 ölü barədə məlumat verilirdi. Aviaşirkət ölənlərin qohum və yaxınları üçün qaynar xətt açıb və onlara hər bir köməklik göstəriləcəyini bildirib.
***
Ukrayna təhlükəsizlik xidməti rusiyameylli döyüşçülərin vurulmuş təyyarə ilə bağlı danışıqlarını əldə edib. Məlumata görə, danışıqlarda bir neçə terrorçu Ukraynanın şərqində vurulmuş təyyarə haqqında danışır. Saat 16:33-də «Mayor» çağırışlı döyüşçü vurulmuş təyyarə haqqında «Yunan» çağırışlı başqa döyüşçüyə məlumat verir.
«Bu «çernuxinskilər» təyyarəni vurub saldılar… Kazaklar, hansı ki, Çernuxinoda dururlar. Təyyarə havada dağıldı, «Petropavlovsk» şaxtası ərazisində. Birincini «ikiyüzüncünü» tapdılar. Qadın idi. Mülki təyyarədir» - deyə o, məlumat verir.
40 dəqiqə sonra - saat 17:42-də o, təsdiq edir ki, vurulmuş təyyarə mülki təyyarə idi: «Daha qısası, yüz faiz mülki bortdur».
Qarşılıqlı suallar səslənir: «Çox insanlar var idi orda?»
«Hə» - müsbət cavab verir.
Təyyarədə silah olub-olmadiği ilə bağlı suala belə cavab verir: «Ümumiyyətlə, heç nə - hamısı mülki şeylərdir, tibbi şeylər, dəsmallar, belə, tualet kağızı».
Həmçinin «Mayor»un sözlərinə görə, avialaynerin qəza yerindən İndoneziyadan olan tələbənin sənədləri tapılıb. O, Tompson Universitetində oxuyurmuş.
Bundan başqa, yazıda Rusiya Federasiyası vətəndaşı, «Bes» ləqəbli İqor Bezleranın danışıqları var. «Bes» vurulmuş təyyarə barədə Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin polkovniki Vasiliy Qeraninə məlumat verir.
«İndicə təyyarəni vurdular. «Minera» qrupu. Yenakiyevoya düşdü… Axtarmağa və təyyarənin şəklini çəkməyə getdilər. Tüstülənir» - deyə Bezler saat 16:40-da Qeraninə bildirir.
«Neçə dəqiqə əvvəl?» sualına o, belə cavab verdi: «30 dəqiqə haradasa».
Danışıqların yazısını axşam Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Valentin Nalivayçenko brifinqində elan edib. O, təsdiq edib ki, faciə Ukraynanın ərazisində 16:20-də olub (ANS).
***
00:35
Ukraynanın Donetsk vilayətində rusiyameylli separatçılar tərəfindən raketlə vurulduğu bildirilən Malayziya sərnişin təyyarəsində 80 azyaşlı uşaq olub. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Avstriyanın «Osterreich» qəzeti Amsterdam aeroportundakı mənbələrə istinadən məlumat yayıb.
Bundan əvvəl təyyarədə 80 uşağın olduğu barədə məlumatın sosial şəbəkələrdə də yayıldığı bildirilir. Görünən odur ki, bu hadisə olduqca böyük beynəlxalq rezonansa səbəb olacaq, eyni zamanda Ukraynanın şərqində separatçıları zenit-raket kompleksləri ilə silahlandıran Rusiya üçün ciddi başağrısına çevriləcək.
Separatçılar Ukrayna qırıcılarını və nəqliyyat təyyarələrini Rusiyadan aldıqları zenit-raket kompeksləri ilə bundan əvvəl də dəfələrlə vurublar.
«Malaysia Airlines» şirkətindən bildirilib ki, vurulan təyyarədə Azərbaycan vətəndaşları olmayıb.
Bu arada bəlli olub ki, bir çox aviaşirkətlər Ukraynaya və Ukrayna üzərindən uçuşları dayandırıblar. Almaniyanın «Lufthansa», Türkiyənin «Türkish Airlines», Rusiyanın «Аэрофлот» və «Трансаэро» aviaşirkətləri belə qərar verdiklərini bəyan ediblər.
«Azərbaycan Hava Yolları» Dövlət Konserninə (AZAL) gəlincə isə şirkətdən virtualaz.org saytının sorğusuna qəribə cavab veriblər: «Biz Ukraynaya uçmaqda davam edəcəyik. Yəqin bizim təyyarələrə dəyməzlər» (?-red.).
***
00:15
«İnformasiya müqaviməti» qrupunun rəhbəri Dmitri Tımçuk öz facebook səhifəsində bildirib ki, iyulun 17-də günorta saat 13:30 radələrində Malayziya təyyarəsinin vurulduöu Snejnoye qəsəbəsi yaxınlığında separatçıların kolonu görünüb.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən bildirir ki, kolonun tərkibinə 3 tank, 2 BTR, yaraqlılarla dolu yük avtomobili və «Buk» zenit-raket kompleksini daşıyan qoşqu avtomobili daxil olub. Kolon Dmitrovka qəsəbəsi istiqamətində hərəkət edib.
Malayziya sərnişin təyyarəsinin separatçılar tərəfindən QRU zabiti İqor Strelkovun əmri ilə vurulduğunu onun özünün açıqlaması da təsdiq edir. Belə ki, Strelkov sərnişin təyyarəsinin vurulması xəbəri yayılmazdan az əvvəl Donetskin Toreza rayonunda Ukraynaya məxsus «AN-26» hərbi-nəqliyyat təyyarəsinin onların tərəfindən raketlə vurulduğunu, təyyarənin Snejnoye qəsəbəsi yaxınlığına düşdüyünü bildirib.
Görünür, həmin vaxt separatçılar hesab edirmiş ki, vurduqları təyyarə Ukraynaya məxsus «AN-26» hərbi-nəqliyyat təyyarəsidir.
Malayziya təyyarəsinin vurulması ilə bağlı ABŞ prezidenti Barak Obama qısa bəyanatla çıxış edib.
«Dünya Rusiya-Ukrayna sərhədində vurulmuş təyyarə ilə bağlı xəbərləri izləyir. Belə görünür ki, bu, dəhşətli faciədir» - deyə Obama bildirib.
«ABŞ nəyin və niyə baş verdiyini araşdırmaq üçün istənilən köməyi göstərməyə hazırdır» - prezident əlavə edib.
Dövlət Departamentinin rəsmisi Ceyn Psaki isə hadisənin kimin tərəfindən törədildiyini demək üçün hələ tez olduğunu, bu məsələ ilə bağlı spekulyasiya etmək istəmədiklərini bildirib.
Ukraynanın Naviqasiya Xidməti bildirib ki, qəzadan əvvəl Malayziya təyyarəsi heç bir xəbərdarlıq siqnalı göndərməyib. Bu da təyyarənin raketlə vurulduğuna dəlalət edir.
***
22:44
Malayziyanın «Malaysia Airlines» şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsinin Ukraynanın şərqində separatçılar tərəfindən «Buk-M» zenit-raket kompleksi ilə vurulduğu açıqlanıb. Virtualaz.org saytı xəbər verir ki, Ukrayna mənbələri separatçıların bundan əvvəl Donetsk yaxınlığında Hava Hücumundan Müdafiə Qüvvələrinin bazasını ələ keçirdiklərini açıqlayıb. Hərbi bazada özüyeriyən «Buk-M» zenit-raket kompleksləri olub.
«Donetsk müdafiə naziri», QRU zabiti İqor Strelkov Malayziya təyyarəsinin vurulmasından az əvvəl Twitterdə Ukrayna Hərbi-Hava Qüvvələrinə məxsus «AN-24» təyyarəsini vurduqlarını bildirib. İ.Strelkov təyyarənin raketlə vurulduğunu deyib və «xəbərdarlıq etmişdik ki, bizim hava sahəmizdən uçmayın» yazıb.
Həmçinin son 24 saat ərzində Donetsk üzərində Ukrayna HHQ-ə məxsus «SU-25» təyyarəsi raketlə vurulub.
Bu baxımdan artıq şübhə yeri qalmır ki, separatçılar Donetsk üzərindən uçan sərnişin təyyarəsini Ukraynaya məxsus hərbi nəqliyyat təyyarəsi hesab edərək ona raket atıblar.
Şahidlər təyyarənin havada partladığını və alov içərisində yerə düşdüyünü bildirirlər. Sərnişinlərin cəsədləri və cəsədlərinin qalıqları 4 kilometr radiusda səpələnib. Həmçinin sərnişinlərin əşyaları və yükləri evlərin damına, küçələrə tökülüb. Bu da təyyarənin yerə düşməzdən əvvəl havada partladığını göstərir.
Şahidlər Snejnoye qəsəbəsinin küçələrində asiyalı görkəmində onlarla cəsəd gördüklərini, separatçıların silahlı dəstələrinin cəsədləri küçələrdən topladığını bildirirlər. Separatçılar Ukraynanın xilasetmə xidmətini qəza rayonuna buraxmır.
Hadisə geniş beynəlxalq rezonans doğurub. Malayziyanın baş naziri təyyarənin partladığı barədə xəbərdən şoka düşdüyünü, dərhal araşdırma başlatdığını bildirib.
Bununla belə Malayziyanın müdafiə naziri təyyarənin raketlə vurulduğuna dair xəbərləri hələlik təsdiq edə bilmədiklərini açıqlayıb.
Rusiya prezidenti Vladimir Putin isə hadisədən az sonra ABŞ prezidenti Barak Obamaya zəng edib. Telefon danışıqlarının detalları açıqlanmır.
Ukrayna prezidenti Pyotr Poroşenko Milli Təhlükəsizlik Şurasının təcili toplantısından sonra təyyarənin vurulmasına dair güclü dəlillərin olduğunu bildirib və hadisəni terror aktı adlandırıb.
Xarici aviaşirkətlər isə təcili olaraq öz təyyarələrinə Ukraynanın hava sahəsindən yan keçmək təlimatı veriblər.
***
21:02
Bu gün Ukraynada dəhşətli faciə baş verib. Belə ki, Malayziyaya məxsus sərnişin təyyarəsi Ukrayna səması üzərində raketlə vurulub.
Bu haqda informasiyanı Ukrayna daxili işlər nazirinin məsləhətcisi Anton Geraşşenko öz «Facebook» səhifəsində yayıb.
Onun sözlərinə gorə, Amsterdam-Kuala-Lumpur reysini yerinə yetirən təyyarə Torez yaşayış məntəqəsi üzərində - Donetsk vilayətinin, Şaxtyorsk rayonunun, Qrabovo kəndi yaxınlığında «Buk» zenit-raket komleksi ilə vurulub. Qəza zamanı 280 (son məlumat görə 283) sərnişin və 15 ekipaj üzvünün öldüyü bildirilir.
Qeyd edək ki, təyyarənin qəzaya düşməsini Malaziya hava limanının rəsmisi Böyük Britaniyanın «Sky news» telekanalına müsahibəsi zamanı təsdiq edib.
Xatırladaq ki, təyyarənin düşdüyü ərazi hazırda separatçı «Donetsk Xalq Respublikası» tərəfindən idarə edilir (ANS).
Ukraynanın Daxili İşlər Nazirliyi Malayziyaya məxsus «Boeing-777» təyyarəsinin qəzaya uğraması nəticəsində 295 nəfərin öldüyünü rəsmən təsdiq edib.