Aktual.az xəbər verir ki, ekspert qismində tədbirə qatılan Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə maraqlı fikirlər səsləndirib. O, bəzi baş redaktorları sərt tənqid etməklə iştirakçıların diqqətini cəlb edib:
«Eşitdim ki, bəzi baş redaktorlar burada çıxış edərək mətbuatda pul olmadığını deyib və gənc jurnalistləri pulsuz işləməyə dəvət ediblər. Mən bu fikirlə qəti şəkildə razı deyiləm. Əgər mətbuatda pul olmasaydı o insanlar uzun müddət baş redaktor kürsülərini zəbt edib, bahalı avtomobillərdə gəzməzdilər».
Ekspert gənc jurnalistləri bəzi baş redaktorların dediklərinə inanmamağa çağırıb:
«Mətbuatda pul olmadığını deyənlərə, sizi pulsuz işləməyə dəvət edənlərə inanmayın, onlar fırıldaqçıdırlar. Sizi öz haqqınızı tələb etməyə səsləyirəm. İstənilən qəzetdə, saytda heç zaman pulsuz işləməyin. Siz hansısa baş redaktorun şirin sözünə inanıb pulsuz işləsəniz gözünüz hər zaman hansısa iş adamlarının, məmurların əlində olacaq. İmkan verməyin ki, hansısa məmur beş-on manat verməklə sizi alçaltsın».