Vaxt.Az

“Azərbaycan Qarabağı 2014-cü ilədək qaytaracaq”


 

Ekspert: “Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri haqqında xəbərlər erməni tərəfini dəli edib”

“Azərbaycan Qarabağı 2014-cü ilədək qaytaracaq” Azərbaycan Silahlı Qüvvələrinin ildönümü münasibətilə iyunun 26-da Bakıda keçirilmiş parad respublikanın hərbi gücünü göstərdi və erməni tərəfini ciddi şəkildə qorxuya saldı. “İnterfaks-Azərbaycan” xəbər verir ki, bu fikirlərlə hərbi ekspert Üzeyir Cəfərov çıxış edib. “İyunun 26-da Bakıda hərbi paradın keçirilməsindən sonra Ermənistanda rahatlıqlarını tam itiriblər və gündə bir bəyanatla çıxış edirlər. Əvvəlcə bunu Seyran Ohanyan (Ermənistanın müdafiə naziri – red.), indi isə Bako Saakyan (Qarabağ separatçılarının “prezidenti” – red.) etdi” – deyə, o bildirib.

Ekspertin sözlərinə görə, “Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimləri haqqında xəbərlər erməni tərəfini dəli edib”.
Azərbaycanın Dağlıq Qarabağ regionunun separatçı rejiminin rəhbəri Bako Saakyanın Bakının ildırımsürətli müharibəni həyata keçirmək iqtidarında olmaması barədə bəyanatını şərh edən Ü.Cəfərov vurğulayıb ki, bu məsələ ilə bağlı başqa fikirdədir.
“Ermənistanda gözəl başa düşürlər ki, bu gün Azərbaycan tərəfində olan güc Qarabağ probleminin ildırımsürətli həllinə gətirib çıxaracaq. Onların müntəzəm olaraq belə bəyanatlarla çıxış etməsi ermənilərin itkilərinin çox böyük olacaqlarına əminliklərindən xəbər verir. Bu gün Azərbaycanın əlində olan texnikanın qarşısında düşmənin heç bir müdafiə qurğusu, heç bir canlı qüvvəsi davam gətirməyəcək” – deyə, Cəfərov vurğulayıb və əlavə edib ki, bu günlərdə erməni mətbuatı elə məhz bu məsələ barədə yazıb.
Onun sözlərinə görə, erməni tərəfinin nümayəndələri “prezident seçkiləri ərəfəsində heç bir tərəf, heç bir dövlətin genişmiqyaslı hərbi əməliyyatlara başlamayacağına” əmin olaraq, Azərbaycanda prezident seçkiləri öncəsi belə bəyanatlarla çıxış edirlər.
“Lakin onlar unutmamalıdırlar ki, oktyabrdan baş tutacaq prezident seçkilərindən sonra bu məsələnin aktiv həlli mərhələsi başlayacaq. Və onlar şübhə etməməlidirlər ki, çox güclü bir zərbə alacaqlar. Düşünürəm ki, Azərbaycanın rəhbərliyi bu məsələnin həllini çox uzun müddətə saxlamaq fikrində deyil. Yəqin ki, 2013-cü ilin sonu – 2014-cü ilin əvvəli Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yadda qalacaq” – deyə, Ü.Cəfərov bəyan edib.

 





18.07.2013    çap et  çap et