Məhəmməd Rəisi isə suala belə cavab verib: «Bilirsiniz, o vaxt İran-Ermənistan qaz kəməri tikiləndə Ermənistan ərazisində daha iri diametrli kəmərin çəkilməsi üçün vəsait yox idi. Düzünü desəm, mən diametrin niyə kiçik olduğunun səbəblərini dəqiq bilmirəm. Bu sualları Ermənistan hökumətinə vermək lazımdır.
Mümkündür ki, o vaxt qazın Ermənistan üzərindən Qara dənizə, oradan Avropaya və digər yerlərə tranzitini həyata keçirmək niyyəti yox idi. Görünür, bu haqda indi, tələbat yarananda fikirləşməyə başlayıblar».
Bəs İran qazının Ermənistan üzərindən Avropaya tranziti barədə fikirləşən kimdir?
Səfirin sözlərinə görə, bu barədə təkcə Ermənistan hökuməti deyil, maraqlı olan bütün hökumətlər fikirləşir.
Məhəmməd Rəis İran hökumətinin də Ermənistanla birlikdə bu ideya üzərində fikirləşib-fikirləşmədiyini dəqiqləşdirməyib.
Bununla belə «Azadlıq» radiosunun erməni xidməti xatırladır ki, bu ilin may ayında İranın neft nazirinin müavini Əli Məcidi Tehranın Ermənistan üzərindən Avropaya qaz ixrac etməyə hazır olduğunu bildirmişdi.
Qeyd edək ki, kiçik diametrli İran-Ermənistan qaz kəməri 2007-ci ildə istifadəyə verilib. Kəmər ildə 2,5 milyard kubmetr qaz ötürməyə imkan verir. Əslində isə Ermənistan bu həcmdən xeyli az qaz ala bilir. Əvəzini İrana ildə 3,3 milyard kilovat saat elektrik enerjisi ötürməklə ödəyir.
İran qazı Ermənistanın cənubundakı sənaye müəssisələrində istifadə olunur. Ermənistan qaza olan tələbatının əsas hissəsini Rusiyanın hesabına ödəyir və ölkənin qaz kəmərləri şəbəkəsi «Qazprom»un mülkiyyətindədir.
Bəs Ermənistanın böyük ölçüdə Rusiya qazından asılı olduğu halda Sərkisyan hökumətinin İran qazının Avropaya tranziti barədə fikirləşməsi nə dərəcədə mümkün ideyadır?
Ermənistanın İran qazı üçün tranzit ölkəyə çevrilməsi ideyası neçə ildir ki, arabir gündəmə gəlir. Əvvəllər belə ideya var idi ki, İran qazı Ermənistan üzərindən Rusiyaya ötürülsün və beləliklə də İran Avropanın qazla təchizatında Rusiya ilə tərəfdaşlıq etsin.
Lakin bu utopik ideya elə ideya olaraq da qaldı. Çünki İran qazını Ermənistan üzərindən Rusiyaya ötürmək kommersiya və siyasi baxımdan tamamilə qeyri-real ideya idi. Əvvəla, bunun üçün İranla Ermənistan arasında mövcud qaz kəmərinin Ermənistan hissəsinin buraxılış qabiliyyəti cüzi olduğundan yeni ixrac qaz kəmərinin çəkilməsinə ehtiyac var idi. Bu isə milyardlarla dollar investisiya tələb edən işdir və Ermənistanın bu cür iri layihələrdə yer almaq imkanı yoxdur.
İkincisi, İran Türkiyəyə ildə 10 milyard kubmetr qaz ötürmək imkanında olan kəmərə malik olduğu halda nədən milyardlarla dollara Ermənistana yeni qaz kəməri çəkməlidir? Axı bu nəzəri marşrutla qaz nəqli Ermənistana ödəniləcək tranzit haqqı sayəsində daha bahalı olacaq.
Nəhayət, üçüncüsü, ideya siyasi baxımdan qeyri-mümkün idi. Çünki İran qazı Ermənistandan keçməklə Rusiyaya ancaq Gürcüstanın separatçı Abxaziya bölgəsindən ötürülə bilər ki, bu da siyasi baxımdan qeyri-mümkün ideyadır.
Nəticədə İran qazının Ermənistan üzərindən Rusiyaya nəqli ideyası elə gündəmə gələn kimi dəfn olundu. İndi isə belə məlum olur ki, Serj Sərkisyan siyasi baxımdan riskli olan yeni utopik ideya üzərində düşünür. Ermənistan hökuməti İran qazını Gürcüstan üzərindən Qara dənizə çıxarmaq kimi növbəti utopik xəyallara dalıb.
Bu xəyalların nə dərəcədə qeyri-real olduğunu müəyyən etmək üçün uzağa getmək lazım deyil. Birincisi, yenə də İranla Ermənistanı birləşdirən iri diametrli yeni qaz kəmərinin tikintisi və bu iş üçün tələb olunan milyardlar, ikincisi isə Ermənistanın və ola bilsin həm də İranın bu qaz dəhlizi ideyası üçün siyasi əngəllər nəzərə alınmalıdır.
İran qazını Ermənistan və Gürcüstan üzərindən Qara dənizə çıxarmaq layihəsinə milyardlarla dollar investisiyanı kim yatıra bilər? Rusiyanın mülkiyyətində olan Ermənistan ərazisindən tranzit qaz kəməri çəkməyə hansı ağıllı investor razılaşa bilərdi?
O biri tərəfdən, Gürcüstan Azərbaycanla münasibətlərini riskə atıb Ermənistanı enerji tranziti ölkəsinə çevirə bilərmi? (Serjikin bu haqda düşünməsinin özü belə yersizdir-müəl.).
Nəhayət, erməni hökuməti Rusiyanın İran qazının onun ərazisindən yan keçməklə Avropaya nəqli planlarında Ermənistanın yer almasına icazə verə biləcəyinə inanan heç olmasa bir nəfər tapa bilərmi?
Qeyd edək ki, Ermənistan hökuməti ölkəni dəmiryol blokadasından çıxarmaq üçün də bu cür fantastik xəyallara dalır. Məsələn, bu günlərdə məlum olmuşdu ki, Ermənistan prezidenti Serj Sərkisyan Tiflisə səfəri zamanı Rusiya ilə Gürcüstanı birləşdirən Abxaziya dəmir yolunun açılmasına ümid etdiklərini deyib.
«Ancaq dəmiryolunun açılması təkcə Ermənistandan və Rusiyadan deyil, digər tərəflərdən də asılıdır. Ona görə də biz bu istiqamətdə fəal iş aparırıq» - deyə Sərkisyan bildirmişdi.
Ermənistan dövlət başçısı «digər tərəflər» dedikdə şübhəsiz ki, Azərbaycanı da nəzərdə tutur. Çünki Azərbaycanın razılığı olmadan Gürcüstanda hansısa hökumətin bu işə razılıq verəcəyini ağlabatan hesab etmir.
Sərkisyan Abxaziya dəmiryolunun açılmasını qeyri-real hesab etdiyindən İran-Ermənistan dəmiryol xəttinin tikintisinə ümid edir. Ancaq Ermənistan dəmir yollarının mülkiyyətçisi olan Rusiya bu layihədə maraqlı olmadığını açıq şəkildə nümayiş etdirib. Ermənistanın İran dəmiryolları vasitəsilə xarici aləmə çıxış imkanı əldə etməsi, beləliklə də Rusiyadan asılığını azaltması Moskvanın axı nəyinə lazımdır?!