Vaxt.Az

Kəkələyən, intellektsiz radio aparıcıları...


 

Mənasız, əhəmiyyətsiz mövzularda söhbətlər, şit zarafatlar, dinləyicini ələ salmalar

Kəkələyən, intellektsiz radio aparıcıları... Milli Məclisin rəsmi orqanı olan «Azərbaycan» qəzetində «Biz musiqi dinləmək istəyirik, özü də keyfiyyətli milli musiqimizi...» adlı yazı çap olunub. «Oxucu məktubları» guşəsində çap edilmiş yazının müəllifi Bakı şəhər sakini Yaşar İbrahimovdur. Əsasən radioların tənqidinə həsr olunmuş həmin yazını olduğu kimi təqdim edirik:

***


«Zənnimcə, FM radioları daha çox nəqliyyat vasitələrində - şəxsi minik avtomobillərində dinlənilir. Xüsusilə də sübh tezdən insanlar müxtəlif məqsədlərlə evdən çıxıb mənzil başına çatanadək radioya qulaq asmağa meylli olurlar.

Ən pik dövr də səhər saat 08-09 radələrinə təsadüf edir. Mən də bu intervalda şəxsi avtomobilimdə bir neçə nəfərlə birlikdə işə yollanarkən yerli FM radiostansiyaları vasitəsilə musiqi dinləməyə cəhd göstərirəm. Təəssüf ki, heç də həmişə bu istəyimə çata bilmirəm. Çox vaxt  bir kanaldan digərinə keçib bütün stansiyaları «gəzsəm» də musiqi «tutmaq» cəhdlərim boşa çıxır - efirdə bir və ya bir neçə aparıcının əsasən mənasız, əhəmiyyətsiz mövzularda söhbətlərinə, şit zarafatlaşmalarına, hətta dinləyiciləri ələ salacaq qədər «cəsarətli» atmacalarına qulaq asmaq məcburiyyətində qalıram. Sərnişinlərim də həmçinin.

Elə məqamlar olur ki, çoxsaylı radiostansiyaların heç birində o anda musiqi səslənmir - elə hey hamı danışır. Çarə qalır radionu qapayıb başqa vasitələrlə musiqi dinləməyə. Əlacsızlıqdan belə də edirəm.

Amma könül istərdi ki, radio verilişlərini tərtibləyən, proqramları hazırlayan şəxslər pik vaxtlarda, ələlxüsus da səhər-səhər insanlara xoş əhval-ruhiyyə aşılayacaq, işə, yaradıcılığa, nəcibliyə, xeyirxahlığa  kökləyəcək keyfiyyətli musiqi çələngi təqdim etsinlər. Onu da söyləməliyəm ki, səhər efirində musiqi qıtlığı bir kənara, ümumiyyətlə, gün ərzində Azərbaycan musiqisinə - xalq mahnılarına, bəstəkar əsərlərinə, bir sözlə, doğma nəğmələrimizə, ifaya da həsrət qalırıq. Nədənsə milli musiqimizə radio efirlərində yetərincə yer verilmir.

Bu, mənim subyektiv fikrimdir, amma inanmıram ki, səhər evdən çıxıb işə tələsən insanlar yol boyu zövqlü musiqi dinləmək əvəzinə söz ehtiyatının qıtlığından kəkələyən, dünyagörüşləri, intellektual səviyyələri məhdud bəzi radio aparıcılarını özlərinə həmsöhbət bilsinlər, anlamsız və toplum üçün faydasız mövzularda onlarla tərəf-müqabilliyinə üstünlük versinlər. Arada da musiqi avazı ilə «söhbət» edən istedadsız, amma hikkələri göydəki ulduzlardan da böyük cırtdan «ulduzcuq»ların bəsit ifalarından zövq alsınlar...

Zatən, hər kəs bir müddət sonra, getdiyi ünvana yetişdiyi andan müxtəlif mövzulu danışıqların, söhbətlərin, informasiya mübadiləsinin aktiv iştirakçısı olacaq. Belə olan təqdirdə söylədiyim kimi, insanlar günə evdən çıxan kimi kənar söhbətlərlə «yüklənmədən», əksinə, xoş ovqat yaradacaq musiqi sədaları altında başlamaq, görəcəkləri işlər ətrafında düşünmək, planlaşdırma aparmaq istəyərlər. Keyfiyyətli musiqi tıxac, hərəkət sıxlığı və ya hər hansı səbəbdən yaranmış sürücü stressini, gərginliyini də minimuma endirir...

Xahiş edirəm, yerli FM radiostansiyalarının rəhbərləri günün efir verilişlərinin formatlarını müəyyənləşdirib proqramlarını tərtib edərkən dinləyicilərin istək və zövqlərini də nəzərə alsınlar - bizi daha çox musiqi, özü də milli musiqimizlə sevindirməyə çalışsınlar».

 





20.07.2014    çap et  çap et