Vaxt.Az

120 kiloluq heyvanlar 3 kiloqram ətin qiymətinə


 

Gürcüstan Qarabağda bəslənən mal-qaranı Azərbaycana ötürür

120 kiloluq heyvanlar 3 kiloqram ətin qiymətinə Ölkənin kənd təsərrüfatının çiçəklənməsini demək bizim üçün hələ tezdir. Bu sektorun bəzi sahələrinin inkişafında ya ləngimə gedir, ya da baxımsızlıqdan əziyyət çəkir. Günümüzün aktual məsələləri ilə bağlı aqrar sektor üzrə ekspert Vahid Məhərrəmov «Qafqazinfo» ilə fikirlərini bölüşüb. İqtisadi Araşdırmalar Mərkəzinin mütəxəssisi ilə maraqlı müsahibəni təqdim edirik.

«İsraildə geni dəyişdirilmiş o qədər növlər yaradılır ki, həmin məhsula ad vermək problemə çevrilib»


Ən əvvəl son illərin mübahisəli mövzusu olan geni dəyişdirilmiş (geni modifikasiya olunmuş - GMO)kənd təsərrüfatı məhsullarının zərərli olub-olmamasından danışaq. Qabaqcadan deyim ki, bir çoxu kimi Vahid Məhərrəmov GMO məhsullarını düşmən hesab etmir.

Ekspert bunu belə əsaslandırır. «Geni dəyişdirilmiş məhsulların insan orqanizminə heç bir zərəri yoxdur. Belə məhsulun istehsalının məqsədi ölkənin tələbatını ödəməkdirsə, axı niyə olmasın. Əsas odur ki, bu cür kənd və ərzaq məhsulları xüsusi nəzarət altında yetişdirilsin. Dünyanın aparıcı dövlətlərində bu sahəni diqqətdə saxlayan xüsusi elmi mərkəzlər var. Elə işin əsasında da bu məsələ durur. GMO məhsulu istehsal edən ölkə bu məhsul barədə kifayət qədər məlumatlı olmalıdır. İsrail, AbŞ, Kanada, Yaponiya, Çin, Qazaxıstan, Rusiya kimi ölkələrdə hökumət bilavasitə GMO məhsulların istehsalına icazə verməklə yanaşı ona ciddi nəzarət edir. ABŞ-da istehlakçıya təklif olunan məhsulun 68 faizi, İsraildə isə bu göstərici 50 faiz təşkil edir.

İsraildə təkcə kənd təsərrüfatı məhsulları deyil, balıqçılıqda da yeni növlər yaradılır. Hətta bu ölkədə gen dəyişdirən mühəndislərin yaratdıqları məhsullar o qədər çoxluq təşkil edir ki, yeni sort, növlərə ad fikirləşməkdə çətinlik çəkirlər. Bir məqamı qeyd edim. Deputatımız Vahid Əhmədov İsraildə tədbir zamanı həmin ölkənin GMO məhsulundan istifadəsini qınayıb, onları Azərbaycana ekoloji təmiz qida dadmağa çağırıb. Halbuki, bizim özümüzdə də təmiz orqanik məhsulun olması şübhəlidir. Hazırda dünyanın 193 ölkəsindən 20-si GMO məhsulu istehsalına qadağa qoyub. Onlar arasında Azərbaycan da yer alır.

Təəssüf ki, Azərbaycanda bu sahədə qarışıq, neqativ fikrin formalaşmasında mütəxəssislərin azlığı da rol oynayır. Bundan başqa genetika, seleksiya sahəsində institutları genişləndirmək, inkişaf etdirmək lazımdır. Bu sahədə kadrlar yox dərəcəsindədir. Özünü alim adlandıranlar isə məsələnin kökünü araşdırmadan, kortəbii şəkildə GMO məhsulu pisləyirlər.

Halbuki GMO məhsulları doğru yetişdirilərsə, ondan istifadə insan sağlamlığına heç bir zərər verməz. Axı biz tələbatımızı, məhsulumuzu özümüz də qədərincə istehsal edə bilərik. Əslində, aqrar sahənin, lap taxılçılığın zəif inkişaf etdirilməsi bəzi məmurlara sərf edir. Təsəvvür edin, ildən ilə ölkəyə gətirilən taxılda artım müşahidə olunur və məmur oturduğu yerdə gələn hər buğdanın(təkcə Qazaxıstandan gətirilən 1 milyon 500 min ton buğda) tonunda 20 dollar qazanırsa, onda niyə özümüzdə taxıl əkilməsinə imkan verməlidir?

Bir daha qeyd edirəm ki, bu sahədə məlumatsızlıq, inkişafda ləngimələr davam edir. Hamı bilməlidir ki, GMO məhsulunun yaradılmasına ehtiyac əsas bu səbəbdən irəli gəlib. Əhali arasında ərzaq qıtlığı problemi həll edilsin. Çünki belə məhsullar il ərzində çox məhsuldarlığa malik olmaqla yanaşı, həm də zərərvericilərə, ətraf mühitə, xəstəliklərə qarşı daha davamlı olur. Hətta əkilən məhsulun əldə olunmasında xüsusi kimyəvi gübrələrə, dərmanlara da ehtiyac qalmır. Bir də məlumatınız olsun ki, dərmanların 70 faizi, insulin isə 100 faiz GMO məhsuldan əldə olunur. Bəs sual oluna bilər? İllərdir, bu mübahisə niyə davam edir? Məsələ ondadır ki, bir çox sahələrdə olduğu kimi, bu vəziyyətdə də maraqlı tərəflər, öz mənafeyini güdən insanlar var.

Bu səbəbdən bir qrup alim, araşdırmaçı müxtəlif kimyəvi gübrə, dərman istehsalçılarının sifarişi ilə belə gərəksiz məlumatlar yayırlar. Bunun qarşılığında qrantlar, maliyyə dəstəyi alırlar. Halbuki, GMO məhsullardan istifadə etməmək hələ təhlükəsiz qidadan uzaq durmaq deyil. Hər il dünyanın aparıcı şirkətləri, nüfuzlu media orqanları müxtəlif hesabatlar yayırlar. Böyük Britaniyanın «Ekonomist» jurnalının son rəyinə görə, qida təhlükəsizliyindəki səviyyə üzrə Azərbaycan 109 ölkə arasında 62-ci yeri tutur. Yerli dövlət orqanları belə ürəkaçıcı olmayan faktları obyektiv adlandırmırlar. Çünki həqiqətlərin gizlədilməsi, ört-basdır edilməsi gərəkdir. Bu münasibət biz mütəxəssislərin araşdırmalarına da göstərilir. Reallığı əks etdirən, əldə etdiyimiz fakt, göstəriciləri subyektiv rəy hesab edirlər».


«Milyonlarla dəyərləndirilən layihələr naşı adamların əlindədir»


V.Məhərrəmov deyir ki, hər il dövlət başçısı aqrar sahədə islahatların keçirilməsinə dair çoxsaylı sərəncamlar, fərmanlar imzalayır. Təəssüf ki, bu sahədə də neqativ məqamlar çoxluq təşkil edir. Ekspert Vahid müəllimin fikrincə, problemlərin yaranmasında bir çox səbəblər var. Ən əvvəl ölkəyə gətirilən və ölkədə istehsal olunan məhsullara tam nəzarətin olmamasıdır.

Digər səbəb isə milyonlarla dəyəri olan layihələrin qeyri-mütəxəssis, naşı adamlara həvalə olunmasıdır. Konkret bir misal çəkim. Ölkə başçısının Nazirlər Kabineti nümayəndələri ilə son görüşündə bir məsələ vardı. Şəmkirçay su anbarının tikilməsiylə bağlı işlər başlayıb, amma hələ də məlum deyil ki, bu anbardan nə qədər ərazinin suvarılmasında yararlanılacaq. Halbuki Taxtakörpü və Şəmkirçay su anbarlarının birgə məqsədi ətraf ərazilərin içməli su və suvarma tələbatını ödəməsidir».


«Gürcüstandan gətirilən iribuynuzlu heyvanlar Qarabağda yetişdirilir»


Mütəxəssis ölkəyə idxal olunan mal-qaraya nəzarət olunmamasından da şikayətlənir. Vahid Məhərrəmovun sözlərinə görə, zaman-zaman nəzarətsizliyin ortaya çıxardığı problemlərin şahidi oluruq: «Bir neçə gündür, Cəlilabadda iribuynuzlu mal-qara arasında virus mənşəli nodulyar dermatit («dəridə düyün») yayılması ilə bağlı xəbər eşidirik. Faktlar bunu göstərsə də, Dövlət Baytarlıq Xidməti narahatçılığa əsas olmadığını bildirir. Xəstəliyin yayılması aqrar sahəyə, sahibkarlara ziyan vurmaq deməkdir. Belə ki, xəstələnmiş iribuynuzlu heyvana nəzarət olunması, yoluxmanın qarşısının alınması gərəkdir.

Xəstəlik nəticəsində çəkisi azalan heyvanın kəsilib satılmasına yol verilməməlidir. Aidiyyətli qurumlar hələ ki, susur , vəziyyətin nəzarətə götürüldüyünü bəyan edirlər. Virusun yoluxma təhlükəsi barədə xəbər yoxdur. Ötən il mal-qara arasında bünyavirus adlı xəstəlik yayılanda da yerli orqanlar sahibkarları sakitləşdirməyə çalışdılar. Sonradan Dünya Səhiyyə Təşkilatı bəyan etdi ki, Çində heyvandan insana yoluxma baş verib. Bizdə hələ də ölkəyə idxal olunan mal-qaraya nəzarət başlı-başına buraxılıb. Çünki, yoluxma ölkəyə gətirilən mal-qara vasitə ilə də baş verə bilər.

Ötən il təkcə Gürcüstandan Azərbaycana 3 273400 ABŞ dolları dəyərində 109.435 min baş diri iribuynuzlu mal-qara gətirilib. Orta hesabla hər birinin idxal dəyəri 29 dollar 29 sent təşkil edib. Sizcə 120 kq. təmiz ət çıxışı olan bu heyvanlar 3 kq. ət qiymətinə necə satıla bilər? Dələduzluq, saxtakarlıq, vergidən yayınma halları - vəziyyəti yalnız belə qiymətləndirmək olar. Bu sayda mal-qaranın yoxlanılması sual altındadır. Bir məsələ də var. Bu qədər mal-qaranı yetişdirməyə Gürcüstanın gücü yetərmi? Deməli, mal-qara Ermənistandan, Qarabağdan Gürcüstana, oradan da asanlıqla Azərbaycana ötürülür.

Nəzarətsizliyin baş alıb getdiyi şəraitdə heç bir maneə də ola bilməz. Ən pis hal odur ki, heyvandarlıqda da inhisarlaşma hökm sürür, bir qrup məmur bu sahəni öz əlində saxlayıb. Ölkəyə mal-qara idxalı zamanı gömrükdə yoxlamalar aparılmır. Qeyd edim ki, ildən ilə ölkəyə idxal olunan kənd-təsərrüfatı məhsullarında artım var. Bu da, yerli sahibkarların həm işinə mane olur, həm də özümüzün istehsal gücümüzə xələl yetirir».

 





20.07.2014    çap et  çap et