Prezidentin kortejini həmişə olduğu kimi bu dəfə də Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov müşayiət edib. Lakin general H.Şirinovun sürücüsü səhlənkarlığa yol verib, nəticədə prezidentin korteji Teymur Əliyev küçəsində tıxaca düşüb. Prezident kortejini müşayiət edən general H.Şirinovun əyləşdiyi avtomobilin sürücüsü yolu qarışdıraraq səhvən «Gənclik» tərəfə aparan tunelə girib.
Məlumatlı mənbələrin sonradan verdiyi məlumata görə, bu insidentin əsas səbəbi generalın sürücüsünün yol verdiyi səhvdir. Sürücü lazımi döngədən dönmək əvəzinə onu ötüb keçib, bununla da əvvəlcədən hazırlanmış marşrutun planı dəyişib.
Məlumata görə, prezidentin korteji tıxacdan çıxandan sonra Həsən Şirinovun avtomobili prezident kortejindən, generalın sürücüsü isə polis orqanlarından xaric edilib.
Qeyd edək ki, H.Şirinovun sürücüsünün yol verdiyi bu səhv ucbatından prezident İ.Əliyev təxminən 15-20 dəqiqə tıxacda qalıb. Bununla belə başda general Vaqif Axundov olmaqla prezidentin mühafizə xidməti operativlik göstərərək vəziyyətdən dərhal çıxış yolu tapıb. Nəticədə dövlət başçısının korteji tıxacdan çıxıb və yoluna davam edib.
Məlumatlı mənbələrdən virtualaz.org saytına verilən xəbərdə deyilir ki, bu səhv general Şirinova çox baha başa gəlib. Belə ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinov ötən həftə prezidentin kortejindən xaric edilib. Bundan sonra prezident İ.Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov özü müşayiət edəcək.