Bundan başqa, operativ məlumata görə, terrorçular təyyarədə ölən sərnişinlərin kredit kartlarından istifadə edirlər və meyitlərin üzərindən şəxsi qiymətli əşyaları oğurlayırlar. UNİAN-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti Mərkəzinin spikeri Andrey Lısenko ötən gün Kiyevdə keçirilən brifinqdə bildirib.
«Əksəriyyəti sərxoş vəziyyətdə olan separatçılar faciə baş verdiyi ərazidə beynəlxalq mütəxəssislərə araşdırma aparmağa imkan vermirlər. ATƏT nümayəndələri, onlara baxış keçirmək üçün müəyyən ərazidən kənara çıxdıqda, silahlılar havaya atəş açırlar» - deyə Lısenko bildirib.
Bu arada o da məlum olub ki, Ukraynanın Donetsk vilayətində vurulan «Boeing-777» təyyarəsinin sərnişinlərindən 192-nin meyiti tapılıb. Bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qroysman bildirib.
«Axtarış zonası 35 km-dək genişləndirilib, axtarış işlərinə Fövqəladə Hallar Dövlət Xidmətinin 200-dək əməkdaşı cəlb olunub, lakin onlar ərazidə olan silahlı şəxslərin daimi təzyiqi altında çalışırlar» - deyə Qrosman bildirib.
Qeyd edək ki, Malayziyaya məxsus «Boeing-777» təyyarəsinin göyərtəsində 298 insan olub. Onların hamısı təyyarənin vurulması nəticəsində həlak olub (APA).