Vaxt.Az

«Özgə yolları»


 

«Özgə yolları» “Eurovision” müddətində Bakı əməlli-başlı sınaqdan çıxdı. Məlum oldu ki, bizim yollar o qədər də dar, saatlarla tıxac yaradacaq səviyyədə əlverişsiz deyil. Yollarımız saatlarla boş-boş dayanan avtomobillərdən təmizlənəndə, günlərlə təmir üçün bağlanmayanda biz də normal qaydada, vaxtında işə gedib-gələ, xəstəmizi həkimə, uşağımızı məktəbə çatdıra bilirik. Məlum oldu ki, əslində, problem şəhərdə yox, bizdədir. 
Yol mədəniyyətdir deyirlər. İndi bizdə yol var, amma keçməyə macal yoxdur. Belə olduğu halda, biz mədəniyik, ya yox? Mədəni olmaq üçün də beynəlxalq səviyyədə tədbirlər, yuxarıdan göstərişmi lazımdır?  Özümüzə qalanda, ən bahalı yollar olsa belə, bu yollar mədəniyyət gətirə bilmir. Yenə də “bərkgedən qaqaş” dayanır təcili yardım maşının önündə ki, əsas mənəm, sən tələsmə, yol təmirçiləri gecələri, istirahət günləri yatıb, səhər iş başlayanda düşürlər yolların canına...
Mən heç cür anlaya bilmirəm ki, biz bu yolları özümüz üçün tikmişik, yoxsa özgəyə? Niyə özgələr gələndə yol yola oxşayır, bizə qalanda cəhənnəmə? İndi küçələrin kənarında qalaqlanan maşınları yol polisi görməz oldu? Əksinə, harada insanların daha çox avtomobilə ehtiyacı varsa, məhz oradan maşınlar tez-tələsik yığılır.
Məsələn, xəstəxanaların önündən. Səməd Vurğun küçəsində yerləşən Onkoloji xəstəxanaya demək olar ki, həyatdan əllərini üzmüş, yaşadıqları hər günü qənimət bilən insanlar gedirlər. Maşını saxlayıb içəri keçən kimi, gəlib aparırlar, hansı ki, orada qətiyyən tıxac yaranmır. Nədənsə ticarət mərkəzlərinin, iaşə müəssisələrinin, biznes-mərkəzlərinin qarşısında dayanan avtomobillərə bu qədər həssas yanaşmırlar. Hətta tıxac yaratsalar belə.
Hələlik, yeganə təskinlik odur ki, qonaq-qara yanında biabır olmadıq, bəs öz qarşımızda necə?
 





02.06.2012    çap et  çap et