"Türkiyə tərəfi gözlənilmədən hər avtomobil üçün 600 avro torpaqbasdı rüsumu tələb etməyə başlayıb. Əgər avtomobilin içərisində yük varsa 600 avro da ona istəyir. Maşın alverçilərinin heç birində bu qədər pul yoxdur, çünki üstlərində əvvəlcədən bunun üçün pul saxlamayıblar. Əksəriyyətinin pulu yoxdur, yalnız İstanbulda tanışları olanlar onlardan borc alaraq vəziyyətdən çıxa bilirlər",- deyə yaxın qohumu İpsalada ilişib qalmış Tahirə Hüseynova ANS PRESS-ə bildirib.
İtaliya-Yunanıstan bərəsi ilə yeni dəstə maşın alverçilərinin gəlməsi vəziyyəti bir qədər gərginləşdirir. Sərhədi keçə bilməyən alverçilərin gecələmək və qidalanmaqla bağlı da problemləri yaranıb.
Qeyd edək ki, azərbaycanlı maşın alverçiləri işlənmiş avtomobilləri əsasən Almaniyadan gətirirlər, ən kəsə yol kimi İtaliya - Yunanıstan - Türkiyə - Gürcüstan yolunu seçirlər. Bu, həm də ən təhlükəsiz marşrutdur. Alternativ marşrut olan Şərqi Avropa yolu daha çox ölkədən keçir, həm yolları narahatdır.