Modern.az saytının redaksiyasına gələn Samir İbrahimov hazırda evi olmadığından axşamlar parklarda gecələdiyini söylədi. Faktı Modern.az-a Xocalı rayonu İcra Hakimiyyətinin Bakı şəhəri üzrə ərazi nümayəndəliyi də təsdiqlədi.
Xocalı soyqırımı zamanı 6 yaşı olmuş həmsöhbətimiz qardaşı Sabirlə birgə 2008-ci ilə qədər ana babasının yanında - Borçalıda yaşayıb. Əsgərlik yaşına çatanda isə Azərbaycana gələrək, Füzuli bölgəsində hərbi xidmət keçib. Həmin ərəfələrdə babası və nənəsi rəhmətə gedib. Bundan sonra o, Azərbaycanda yaşamağa qərar verib.
Müəyyən müddət anasının qohumları ilə birgə yaşayan Samir bir ilə yaxındır ki, onların evini tərk etməli olub. Müxtəlif vaxtlarda kirayədə yaşayan bu gənc maddi sıxıntı ucbatından həyat yoldaşı və 2 uşağından da ayrılıb.
Saytın qaldırdığı bu məsələ ilə bağlı müvafiq dövlət qurumları reaksiya verdi. Xocalı Rayon İcra Hakimiyyəti Samir İbrahimovun gecələməsi üçün ev kirayələdi. Məsələnin üstündən bir neçə gün keçdikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən bu gənc evlə təmin edilib.
Samir İbrahimova Abşeron rayonu, «Qarant» Yaşayış Kompleksində 2 otaqlı mənzil verilib. Redaksiya adından bu gəncə dəstək duranlara minnətdarlığımızı bildiririk.