Rusiya prezidenti daha sonra bildirib ki, heç kimin bu hadisəni məkrli siyasi məqsədlər üçün istifadə etmək haqqı yoxdur. «Belə hadisələr insanları ayırmalı deyil, birləşdirməlidir. Vacibdir ki, regiondakı situasiyaya cavabdeh olan bütün insanlar öz xalqları və bu faciədə nümayəndələrini itirmiş xalqlar qarşısında məsuliyyətlərini artırsınlar. Beynəlxalq ekspertlərin hadisə yerində işləməsi üçün təhlükəsizlik tam təmin edilməlidir. Zəruridir ki, fəlakət yerində İCAO-nun ekspert komissiyası hərtərəfli araşdırma apara bilsin. Komissiyanın təhlükəsiz şəraitdə işləməsi üçün bütün zəruri addımlar atılmalı və humanitar dəhlizlər yaradılmalıdır» deyə Putin bildirib.
Putinin gecəyarısı xalqa müraciət etmək zərurətini hiss etməsi fövqəladə situasiyadır və indiyədək Rusiya prezidenti ancaq bir dəfə - Yeni İl gecəsi xalqa videomüraciətlə çıxış edirdi.
Müraciətlə çıxış etməzdən əvvəl Putin Qərb liderləri ilə telefon danışıqları aparıb. Kremlin məlumatına görə Rusiya prezidenti Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland, Avstraliyanın baş naziri Toni Ebbot və Niderland baş naziri Mark Ryutte ilə telefonla danışıb. Telefon danışıqlarında söhbət Ukraynanın şərqində hərbi əməliyyatların dayandırılması, Rusiyanın separatçılara dəstəyi dayandırması və «Boeing-777» fəlakətinin araşdırılmasına separatçıların yaratdığı əngəllər müzakirə olunub. Putin Malayziya sərnişin təyyarəsini separatçıların vurduğunu inkar etməyib, ancaq bildirib ki, Ukraynanın şərqində hərbi əməliyyatlar getməsəydi bu hadisə də baş verməzdi.
Ekspertlərə görə Putinin gecə yarısı xalqa müraciətlə çıxış etməyə 300-ə yaxın insanın həlak olduğu bu faciəyə görə Rusiyanın məsuliyyət daşıdığını göstərən dəlillərin çoxalmasına görə məcbur olub. İyulun 20-də axşam Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, təyyarəyə raket atan zenit-raket kompleksinin peykdən çəkilmiş görüntüləri əldə edilib. Ukrayna prezidentinin sözlərinə görə, peyk görüntüləri raketin haradan atıldığını və onun uçuş trayektoriyasını, habelə təyyarənin vurulmasından sonra zenit-raket kompleksinin Rusiyaya aparılmasını sübut edir. Həmçinin separatçılar arasında təyyarənin vurulması zamanı aparılan radio danışıqları da qeydə alınıb. Ardınca ABŞ dövlət katibi Con Kerri də Birləşmiş Ştatlar kəşfiyyatının təyyarənin rusiyameylli separatçılar tərəfindən vurulduğuna dair bütün sübutları əldə etdiyini, həmçinin təyyarənin vurulmasında istifadə edilən zenit-raket kompleksinin iki həftə əvvəl Rusiyadan Donetskə daxil olduğunu sübut edən görüntülərin olduğunu deyib. Kerri bildirib ki, təyyarənin vurulmasından sonra zenit-raket kompleksinin azı bir raketi əksik olmaqla Rusiyaya geri qaytarıldığını nümayiş etdirən videokadrları da görüb.