Hüquq müdafiəçisi dedi ki, M.Tağıyeva məktəb direktorunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir: «Çünki direktor İradə Murğuzova mətbuatda Mədinə Tağıyeva haqqında təhqiramiz ifadələr işlətməklə onun şərəf və ləyaqətini təhqir edib. Mədinə Tağıyeva da direktorun buna görə qanunlar qarşısında cavab verməsini istəyir. Mədinə Tağıyeva bununla bağlı iddia ərizəsini bu gün artıq Xətai Rayon Məhkəməsinə təqdim edib».
Xatırladaq ki, məktəb direktoru İ.Murğuzova banklardan 171 saylı məktəbin müəllimlərinin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, banklara olan həmin kredit borcunu isə müəllimlərə ödətdirməkdə günahlandırılır.
İ.Murğuzova isə müəllimə M.Tağıyevanın onunla bağlı iradlarına «Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadsız müəllimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur. Mədinə Tağıyeva müəllim adına ləkə gətirir. Bir Mədinənin xarici görkəminə baxın, görün elə də müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir» - deyə təhqiramiz formada cavab verib.
Qeyd edək ki, məktəbin müəllimələri bankdan kredit götürülməsi üçün direktor tərəfindən onlara verilən arayışları da bu gün virtualaz.org saytının redaksiyasına təqdim ediblər.
Arayış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mərkəzləşdirilmiş hesabatlığının Suraxanı - Xətai rayonları üzrə xidmət bölməsi tərəfindən verilib. Lakin arayışda müəllimələrin 171 saylı orta məktəbdə deyil, 171 saylı uşaq bağçasında işlədikləri qeyd olunub. Bundan əlavə, müəllimələrin maaşları şişirdilərək 292 manat 25 qəpik göstərilib.
Qeyd edək ki, xidmət bölməsinin müdiri Alim Hüseynov da İradə Murquzova ilə birgə həmin məktəbdə çalışan müəllimələrin adına saxta arayışlar verməkdə günahlandırılır. Belə ki, həmin arayışlarla müəllimələr məktəbin əməkdaşları kimi bir bankdan, bağça müəlliməsi kimi digər bankdan kredit ala bilirlər.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi direktorla bağlı şikayətlərin araşdırılacağını, araşdırmaların nəticələrinin isə ictimaiyyətə açıqlanacağını vəd edib.