Vaxt.Az

«Yaxın günlərdə mütləq hər hansı nəticə olacaq»


 

Əli Həsənov girov düşən Həsənin valideynləri ilə görüşdü

«Yaxın günlərdə mütləq hər hansı nəticə olacaq» «Dünən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Kəlbəcərdə ermənilərə girov düşən və düşmən tərəfindən öldürüldüyü iddia olunan Cəbrayıl köçkünü Həsən Həsənovun qardaşı Nail Həsənov və atası Fərman Həsənovu qəbul edib. Onlara bildirib ki, hazırda Beynəlxalq Qırmızı Xaç Komitəsi və qeyri-dövlət qurumları ilə birgə işlər davam etdirilir. Yaxın günlərdə mütləq hər hansı nəticə olacaq».

Modern.az-ın verdiyi məlumata görə, bunu Qarabağ Azadlıq Təşkilatı Ali Məclisnin üzvü, Qarabağ müharibəsi veteranı, həmçinin girov düşən Həsən Həsənovun hüquqlarını qoruyan Vaqif Əlisoy bildirib. Görüş zamanı Əli Həsənov məsələnin prezident İlham Əliyevin nəzarəti altında olduğunu bir daha vurğulayıb. Vaqif Əlisoyun sözlərinə görə, Həsənin valideynləri hazırda Bakıdadır, səhhətləri nisbətən stabilləşib.

Vaqif Əlisoy son olaraq bildirdi ki, 2-3 gün ərzində girovlarla bağlı, xüsusilə də Həsənlə bağlı hər hansı məlumat verilməyəcəyi təqdirdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin binası qarşısında davamlı etiraz aksiyaları keçirəcəklərini bəyan edib. Bir daha media nümayəndələrini həssas mövzuda daha diqqətli olmağa çağırıb. Qeyd edək ki, Ermənistan iki Azərbaycan vətəndaşının girov götürüldüyü haqqında məlumat yayıb. Məlumata görə, həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Hazırda girovluqda olan Ş.Quliyev və D.Əsgərova qarşı «DQR»də cinayət işi açılıb. Onlar 17 yaşlı erməni gəncini öldürməkdə ittiham olunurlar.

Girov düşmüş 3-cü şəxs Həsən Həsənov barədə isə dəqiq məlumat verilmir. Ermənilər onu öldürdüklərini deyirlər...

 





22.07.2014    çap et  çap et