Vaxt.Az

«Ümid edək, bu insanlar haqlı çıxmayacaq»


 

«Dini problemlər strateji əhəmiyyətli şəxsin təyinatına səbəb oldu»

«Ümid edək, bu insanlar haqlı çıxmayacaq» İyulun 21-də Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı prezidentin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edildi. Bundan öncəki sədr Elşad İskəndərov bu ilin mayın 2-də vəzifəsindən uzaqlaşdırılıb. Dini ekspert Elşad Miri Hafta.az-a açıqlamasında təyinat haqda fikirlərini bölüşüb. E.Miri bildirib ki, indiyə kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Rafiq Əliyevdən başqa dini bilən sədr olmayıb:

«Birinci sədrdən sonra dinlə əlaqəsi olan yaxud dini bilikləri olan şəxsin sədr olduğunu müşahidə etməmişik. Bundan sonra necə olacağını da demək mümkün deyil. Çünki bir insana fəaliyyətinə və əməllərinə görə qiymət verilir. Məsələnin digər tərəfi budur ki, Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyası üçün əsas fiqurlardan biri idi. Onun təyinatı bu deməkdir ki, Dini Komitəyə strateji qurum kimi əhəmiyyət verilir. Bu məsələnin ciddiyyətini göstərir. Amma dini bilən şəxsin olması daha məqsədəuyğun olardı».

Ekspert Dini Komitənin konsepsiyasının olmasının vacib olduğunu deyib: «Bu gün vəziyyət elədir ki, çıxış yolu üçün mütləq bu qurumun özünün konsepsiyası olmalıdır. «Regionların inkişaf planı» kimi dinlə bağlı da hökumətin bir konsepsiyası olmalıdır. Buna uyğun olaraq da addım atılmalıdır ki, dövlətlə dindarlar arasında münasibət düzgün şəkildə qurulsun, dindarların dövlətə güvəni artsın və arxayınlıq olsun. Ümid edirəm ki, bununla bağlı addım atılacaq və nəticə əldə ediləcək».

E.Miri qeyd edib ki, ilk dövrdən sonrakı vaxtlarda baş verən hadisələr bunu deməyə əsas verir ki, dini sahədə müəyyən problemlər strateji əhəmiyyətli şəxsin təyinatına səbəb oldu:

«Son dövrlərdəki Suriya, İŞİD, Fələstin-İsral və ölkə daxilindəki müəyyən məsələlər göstərdi ki, sədr olan insanlar ya Qafqaz Müsəlmanları İdarəsi ilə ayaqlaşmalı ya da öz konsepsiyası üzrə hərəkət etməlidir. Faktiki olaraq ilk sədrin dövründən sonra bu şəkildə davranış görə bilmədik. Ona görə ümid edirəm ki, bu məsələdə şəxslərə bağlı olmadan, Dini Komitəni QMİ-nin şöbəsi halına gətirmədən fəaliyyət göstəriləcək».

Elşad Miri bu sahədə kadr çatışmazlığının olmasına diqqət çəkib: «Təyinat xəbərindən sonra «Facebook»da Mübariz Qurbanlı ilə bağlı müxtəlif şəkillər paylaşıb onun dindən uzaq adam olduğunu göstərməyə çalışırdılar. Ümid edirəm ki, Mübariz Qurbanlı bu insanları haqlı çıxarmayacaq. Amma yenə də məlum olur ki, həm dini, həm də dövlətin bu sahədəki siyasətini bilən adamlarla bağlı bu sahədə kadr çatışmazlığı var».

 





22.07.2014    çap et  çap et