Bunu Azərbaycan milli mətbuatının 139-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirdəki çıxışında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Şöbə müdiri müstəqil medianın inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının «Azərbaycan» nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, televiziya və radionun yubileylərinin ölkə səviyyəsində qeyd edilməsi, KİV əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa maliyyə yardımının göstərilməsi və sairin 2003-cü ildən sonrakı dövrdə həyata keçirilmiş rəsmi tədbirlərin natamam siyahısı olduğunu bildirib: «Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirib və şəffaflaşdırıb».
İlham Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədinin güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması və inkişafı olduğunu qeyd edən Ə. Həsənov Azərbaycan prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət etdiyini diqqətə çatdırıb: «Azərbaycan prezidentinin sərəncamı ilə 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət büdcəsindən Fonda ayrılmış vəsaitin həcmi 17 milyon manatı keçib».
Ə. Həsənovun sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunurlar: «Məlum olduğu kimi, Azərbaycan prezidentinin 22 iyul 2010-cu il tarixli «Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında» sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca bina inşa edilib. 2013-cü il iyulun 22-də Azərbaycan prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilib və tam təmirli mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün cənab prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini qoyub».
Şöbə müdiri qeyd edib ki, prezident İlham Əliyev daim medianın problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-in hərtərəfli inkişafı üçün zəruri addımlar atır: «Təsadüfi deyil ki, Azərbaycan mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və qayğısını yüksək qiymətləndirərək, onu iki dəfə - 2010 və 2013-cü illərdə «Jurnalistlərin dostu» seçiblər».
Ə.Həsənov bildirib ki, hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib.
Şöbə müdirinin sözlərinə görə, ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi, 300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması fəaliyyət göstərir.